Dövlət Neft Fondunun qızıl ehtiyatları açıqlanıb

İqtisadiyyat Xəbər 20 Oktyabr 2026 11:37 (UTC +04:00)
Dövlət Neft Fondunun qızıl ehtiyatları açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları 178,1 ton təşkil edib.

Bu barədə ARDNF-nin məlumatında qeyd edilir.

Bu ilin oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,3% olub.

Ötən ilin eyni dövründə Fondun qızıl ehtiyatları 184,8 tona, eyni zamanda ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8%-ə bərabər idi.

"2026-cı ilin üçüncü rübü ərzində davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalıb. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınıb, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olub. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilib, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləyib.

Üçüncü rüb ərzində enerji qiymətlərinin yüksəlməsi, davamlı inflyasiya və iqtisadi aktivliyin dayanıqlı qalması faiz dərəcələrinin yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirib və nəticədə əsas inkişaf etmiş ölkələrdə dövlət istiqrazlarının gəlirlilik dərəcələri artıb. Dövlət borclanması ilə bağlı narahatlıqlar və yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərib. Gəlirlilik dərəcələrinin artması istiqrazların dəyərinə mənfi təsir göstərib.

Üçüncü rüb ərzində dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, eləcə də süni intellekt və onunla əlaqəli infrastruktura investisiyaların davam etməsi qlobal səhm bazarlarının yüksəlişini dəstəkləyib. Avqust ayında bazarlarda güclü bərpa müşahidə edilib, lakin sentyabr ayında istiqraz gəlirliliklərinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də gərginliklərin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərərək volatilliyin yüksəlməsinə səbəb olub. Bu mənfi amillərə baxmayaraq, qlobal səhm bazarları rübü artımla başa vurub, şirkətlərin güclü fundamental göstəriciləri isə bazarların daha mürəkkəb makroiqtisadi şəraitə davamlılığını dəstəkləyib.

Üçüncü rüb ərzində qızılın qiymətində yüksək volatillik müşahidə edilib. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin yenidən artması və investisiya tələbinin fonunda qızılın qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlib, lakin sentyabr ayında ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcələrinin və ABŞ dollarının möhkəmlənməsi nəticəsində bu tendensiya əks istiqamətdə dəyişib", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti