AMB bankların risk qiymətləndirilməsi sistemini digər maliyyə sektorlarına da tətbiq edəcək

Maliyyə Xəbər 20 Oktyabr 2026 10:55 (UTC +04:00)
AMB bankların risk qiymətləndirilməsi sistemini digər maliyyə sektorlarına da tətbiq edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda risklərin qabaqlayıcı şəkildə müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə risk əsaslı tənzimləmə çərçivəsini inkişaf etdirir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu AMB-nin baş direktoru Fuad İsayev çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.

O bildirib ki, hazırda bankların maliyyə dayanıqlığını yalnız kapital və likvidlik göstəriciləri əsasında qiymətləndirmək kifayət deyil:

"Çünki kiberhücumlar və beynəlxalq sanksiyaların pozulması riskləri maliyyə təşkilatları üçün ciddi maliyyə itkilərinə və reputasiya zərərinə səbəb ola bilər. Bir kiberhücum və ya beynəlxalq sanksiyaların pozulması riski maliyyə təşkilatını kifayət qədər böyük maliyyə və reputasiya riskləri ilə üz-üzə qoya bilər”, - deyə F.İsayev qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bank bu çağırışlara cavab olaraq reaktiv tədbirlərlə kifayətlənməyən, risklərin əvvəlcədən müəyyənləşdirilməsinə imkan verən qabaqlayıcı və risk əsaslı tənzimləmə çərçivəsinin qurulmasını dəstəkləyir.

Baş direktor bildirib ki, 2025-ci ilin sonlarından etibarən bank sektorunda Azərbaycan Risk Qiymətləndirmə Sistemi (ARAS) tətbiq olunur. Növbəti mərhələlərdə bu yanaşmanın maliyyə sektorunun digər seqmentlərinə də şamil edilməsi nəzərdə tutulur.

“Bu yanaşma bankları yalnız maliyyə göstəriciləri əsasında deyil, həm də korporativ idarəetmənin səviyyəsi və daxili nəzarət sistemləri baxımından qiymətləndirməyə imkan verəcək”, - deyə o vurğulayıb.

F.İsayev əlavə edib ki, Mərkəzi Bankın diqqət yetirdiyi əsas istiqamətlərdən biri də nəzarət proseslərinin rəqəmsal transformasiyasıdır.

O qeyd edib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində 2024–2029-cu illəri əhatə edən müvafiq yol xəritəsi hazırlanıb. Yol xəritəsinin tətbiqinin məlumatların emalı prosesinin sürətləndirilməsinə və bank nəzarətinin keyfiyyətinin artırılmasına töhfə verməsi gözlənilir.

AMB rəsmisinin sözlərinə görə, tənzimləyici çərçivənin formalaşdırılması zamanı maliyyə məhsul və xidmətlərinin inkişafı, kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də dayanıqlı inkişafın dəstəklənməsi kimi amillər də nəzərə alınır.

O vurğulayıb ki, risklərin effektiv idarə olunması ilə yanaşı, maliyyə sektorunun inkişafını və sahibkarlıq subyektlərinin maliyyə imkanlarının genişləndirilməsini dəstəkləyən tənzimləmə mexanizmlərinin qurulması mühüm əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti