Dövlət Neft Fondunun pul bazarı fondlarına və qısamüddətli depozitlərə yatırımları artıb

İqtisadiyyat Xəbər 19 Oktyabr 2026 18:16 (UTC +04:00)
Dövlət Neft Fondunun pul bazarı fondlarına və qısamüddətli depozitlərə yatırımları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yüksək kredit reytinqinə malik pul bazarı fondlarına və qısamüddətli depozitlərə yatırdığı investisiyaların həcmi 2025-ci ildə artıb.

Trend-in Fondun maliyyə hesabatına əsasən hesablamasına görə, hesabat dövründə həm pul bazarı fondlarına, həm də bank depozitlərinə yerləşdirilən vəsaitlərin ümumi məbləğində yüksəliş qeydə alınıb.

Fondun 2025-ci il üzrə maliyyə hesabatında əksini tapan məlumatlara görə, kredit reytinqi “AAA” olan pul bazarı fondlarına investisiyaların ümumi dəyəri 2025-ci ilin sonuna 1 milyard 170 milyon 718 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 961 milyon 486 min manat olub.

Beləliklə, bir il ərzində Neft Fondunun sözügedən fondlara yatırımları 209 milyon 232 min manat və ya təxminən 21,8 faiz artıb.

Hesabatda pul bazarı fondlarına investisiyalar iki istiqamət üzrə təqdim olunub. Bunlardan biri "BlackRock ICS-Institutional Liquidity Funds plc", digəri isə "Goldman Sachs" tərəfindən idarə olunan fondlardır.

"BlackRock ICS-Institutional Liquidity Funds plc"yə yatırılan vəsaitlərin dəyəri 2025-ci ilin sonuna 1 milyard 120 milyon 121 min manat təşkil edib. 2024-cü ilin sonunda həmin göstərici 938 milyon 367 min manat olub. Müqayisə göstərir ki, bu istiqamətdə investisiyaların həcmi il ərzində 181 milyon 754 min manat və ya təxminən 19,4 faiz yüksəlib.

"Goldman Sachs" üzrə investisiyaların dəyərində də artım qeydə alınıb. Belə ki, 2025-ci ilin sonunda bu göstərici 50 milyon 597 min manat təşkil edib. 2024-cü ilin sonunda isə Goldman Sachs fondlarına yatırılan vəsaitlərin həcmi 23 milyon 119 min manat olub. Nəticədə investisiyaların dəyəri 27 milyon 478 min manat və ya təxminən 118,9 faiz artıb.

Bu rəqəmlər göstərir ki, 2025-ci ildə hər iki istiqamət üzrə investisiyaların dəyəri yüksəlib. Məbləğ baxımından əsas pay "BlackRock ICS-Institutional Liquidity Funds plc"nin, artım tempi baxımından isə "Goldman Sachs"ın payına düşüb.

Qısamüddətli depozitlərə yatırımlar 372 milyon manatı ötüb

Neft Fondunun investisiya fəaliyyətində digər istiqamət qısamüddətli depozitlərdir. Maliyyə hesabatına əsasən, 2025-ci ilin sonuna Fondun bu depozitlərə yatırdığı vəsaitlərin ümumi dəyəri 372 milyon 410 min manata çatıb. 2024-cü ilin sonunda isə göstərici 342 milyon 380 min manat olub.

Beləliklə, qısamüddətli depozitlərə yatırılan vəsaitlər bir il ərzində 30 milyon 30 min manat və ya təxminən 8,8 faiz artıb.

Hesabatda qısamüddətli depozitlər üzrə investisiyalar əsasən, "First Abu Dhabi Bank" və digər maliyyə qurumları üzrə qruplaşdırılıb.

"First Abu Dhabi Bank"da yerləşdirilən vəsaitlərin həcmi 2025-ci ilin sonuna 357 milyon 823 min manat təşkil edib. 2024-cü ilin sonunda bu məbləğ 340 milyon 340 min manat olub. Müvafiq olaraq, bankdakı depozitlərin dəyəri il ərzində 17 milyon 483 min manat və ya 5,1 faiz yüksəlib.

Digər maliyyə qurumları üzrə qısamüddətli depozitlərin məbləği isə daha sürətli artıb. Bu istiqamətdə investisiyaların dəyəri 2024-cü ilin sonunda 2 milyon 40 min manat olduğu halda, 2025-ci ilin sonunda 14 milyon 587 min manata yüksəlib. Artım 12 milyon 547 min manat və ya təxminən 615 faiz təşkil edib.

Beləliklə, qısamüddətli depozitlər üzrə artımın əsas hissəsi "First Abu Dhabi Bank"dakı vəsaitlərin genişlənməsi və digər depozitlər üzrə məbləğin yüksəlməsi hesabına formalaşıb.

İki istiqamət üzrə investisiyalar 1,5 milyard manatı ötüb

Pul bazarı fondlarına və qısamüddətli depozitlərə yatırılan vəsaitləri birlikdə nəzərdən keçirdikdə, 2025-ci ildə ümumi artım diqqət çəkir.

Hesablamalara əsasən, bu iki istiqamət üzrə investisiyaların ümumi dəyəri 2025-ci ilin sonuna 1 milyard 543 milyon 128 min manat təşkil edib. 2024-cü ilin sonunda isə müvafiq məbləğ 1 milyard 303 milyon 866 min manat olub.

Beləliklə, sözügedən investisiyaların ümumi dəyəri il ərzində 239 milyon 262 min manat və ya təxminən 18,4 faiz artıb.

Ümumi məbləğdə əsas pay pul bazarı fondlarının üzərinə düşüb. Belə ki, 2025-ci ilin sonunda bu fondlara yatırılan vəsaitlər qısamüddətli depozitlərə yönəldilən məbləğdən təxminən üç dəfə çox olub.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun açıqladığı məlumatlara görə, 2025-ci ilin yekununda Fondun ümumi aktivləri 125 milyard 20,5 milyon manata çatıb. Həmin il investisiya fəaliyyətindən əldə edilən gəlir 6 milyard 894,1 milyon manat, investisiya portfelinin gəlirliliyi isə 6,2 faiz təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti