Bu il Azərbaycana 57 mindən çox avtomobil idxal edilib

Energetika Xəbər 19 Oktyabr 2026 10:23 (UTC +04:00)
Bu il Azərbaycana 57 mindən çox avtomobil idxal edilib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 57 min 275 avtomobil idxal edilib.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatına əsasən hesablamasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 982 ədəd və ya 32,8 faiz azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycana idxal olunan avtomobillərin ümumi statistik dəyəri 1,132 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında isə ölkəyə 85 257 avtomobil gətirilib və onların dəyəri 1,605 milyard ABŞ dolları olub.

Beləliklə, illik müqayisədə avtomobil idxalının dəyəri 473 milyon ABŞ dolları və ya 29,5 faiz azalıb.

Minik avtomobillərinin idxalı azalıb

2026-cı ilin ilk doqquz ayında Azərbaycana əsasən adam daşımaq üçün nəzərdə tutulan 50 898 minik avtomobili və digər nəqliyyat vasitəsi idxal edilib. Bu, 2025-ci ilin müvafiq dövründə qeydə alınan 78 205 ədədlə müqayisədə 27 307 ədəd və ya 34,9 faiz azdır.

Minik avtomobillərinin idxalının statistik dəyəri cari ilin yanvar-sentyabr aylarında 943 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici təxminən 1,432 milyard ABŞ dolları olub.

Hibrid və elektrik avtomobillərinin idxalı

Hesabat dövründə hibrid və elektrik avtomobillərinin idxalında da azalma qeydə alınıb.

Belə ki, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki olan, lakin xarici mənbədən enerji doldurma imkanına malik olmayan avtomobillərin idxalı 5 174 ədəd təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 12 555 ədəd olub. Beləliklə, idxal 58,8 faiz azalıb.

Xarici mənbədən enerji doldurula bilən hibrid avtomobillərin idxalı isə 31 873 ədəddən 11 621 ədədə düşüb. Bu, illik müqayisədə 63,5 faiz azalma deməkdir.

Yalnız elektrik mühərriki ilə hərəkət edən avtomobillərin idxalı da azalıb. 2025-ci ilin ilk doqquz ayında Azərbaycana 1 559 belə avtomobil gətirildiyi halda, 2026-cı ilin eyni dövründə onların sayı 680 olub. Nəticədə bu kateqoriya üzrə idxal 56,4 faiz azalıb.

Digər nəqliyyat vasitələrinin idxalı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 527 avtobus və digər sərnişin daşıyan nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin eyni dövründə bu rəqəm 652 olub. Beləliklə, idxal 19,2 faiz azalıb.

Yük daşımaq üçün nəzərdə tutulan mühərrikli nəqliyyat vasitələrinin idxalı da 6 min 30 ədəddən 5 min 383 ədədə düşərək 10,7 faiz azalıb.

Bununla yanaşı, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalında artım qeydə alınıb. Bu kateqoriya üzrə idxal 2025-ci ilin yanvar-sentyabr aylarındakı 370 ədəddən 2026-cı ilin eyni dövründə 467 ədədə yüksəlib. Artım 26,2 faiz təşkil edib.

Beləliklə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycana avtomobil idxalında həm say, həm də dəyər baxımından azalma müşahidə olunub. Ən nəzərəçarpan azalma isə xaricdən enerji doldurulan hibrid avtomobillərin idxalında qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti