Bakı.Trend:
Mövcud siyasət davam edərsə, 2030-cu ilədək dünyada enerji səmərəliliyinin ildə 3 faiz artırılması gözlənilir.
Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) saytında dərc olunan “Qlobal Enerji Keçidinə Baxış – 2026” hesabatında bildirilib.
Qeyd olunub ki, son üç ildə dünyada enerji səmərəliliyinin orta illik artım tempi 2 faizdən bir qədər aşağı olub. Halbuki 2030-cu ilədək enerji səmərəliliyinin artırılması tempinin iki dəfə yüksəldilməsi ilə bağlı qlobal hədəfə çatmaq üçün bu göstəricinin ildə təxminən 4 faiz olması zəruridir.
Hesabata əsasən, mövcud siyasət ssenarisi (PES) çərçivəsində 2026–2030-cu illərdə enerji səmərəliliyinin illik artımı cəmi 3 faiz təşkil edəcək. IRENA-nın qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılmasını nəzərdə tutan ssenarisi isə əvvəlki dövrdə yaranmış geriliyi kompensasiya etmək üçün 2030-cu ilədək qalan illərdə enerji səmərəliliyinin hər il 4 faizdən çox artırılmasını tələb edir.
Sənəddə qeyd olunub ki, elektrikləşmə enerji səmərəliliyinin artırılmasının əsas amillərindən birinə çevrilə bilər. Elektrikli avtomobillər, istilik nasosları və sənayedə istifadə olunan elektrik texnologiyaları yanacağın yandırılmasına əsaslanan və enerjinin əhəmiyyətli hissəsinin istilik şəklində itirildiyi prosesləri əvəz etməyə imkan verir.
IRENA bildirib ki, bərpaolunan enerji mənbələrinə əsaslanan enerji sistemlərinin inkişafı və elektrikləşmənin genişləndirilməsi daha az ilkin və son enerji sərfiyyatı ilə mobilliyi, komfortu və məhsuldarlığı artıra bilər.
Qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılmasına uyğun ssenari çərçivəsində ilkin enerji istehlakının azalması iqtisadi fəallığın və ya əldə olunan enerji xidmətlərinin həcminin mütləq azalması demək deyil. Bu azalma, əsasən, enerji sisteminin səmərəliliyinin yüksəlməsini əks etdirir.
Bununla yanaşı, zəruri göstəricilərə nail olmaq üçün təkcə elektrikləşmə kifayət etmir. Binaların enerji səmərəliliyi, məişət cihazlarına dair standartlar, sənaye proseslərinin və nəqliyyat sistemlərinin səmərəliliyinin artırılması, tələbatın idarə edilməsi və istehlak modellərinin dəyişdirilməsi də mühüm rol oynayır.
Hesabatda qeyd olunub ki, elektrik enerjisinə tələbatın artmaqda davam etdiyi şəraitdə enerji səmərəliliyinin yüksəldilməsi templəri sürətlənməzsə, eyni həcmdə enerji xidmətlərinin təmin edilməsi üçün daha böyük bərpaolunan enerji istehsalı güclərinə, infrastruktura və investisiyalara ehtiyac yaranacaq.
IRENA-nın qiymətləndirməsinə görə, enerji səmərəliliyinin artırılması, elektrik şəbəkələrinin inkişafı və enerji sistemlərinin çevikliyinin təmin edilməsi enerji keçidinin sürətini müəyyən edən əsas şərtlərə çevrilir.
“Bu istiqamətlər bərpaolunan enerji istehsalının genişləndirilməsini tamamlayan ikinci dərəcəli tədbirlər kimi deyil, enerji keçidinin sürətli, etibarlı və məqbul xərclərlə həyata keçirilməsini müəyyən edən fundamental amillər kimi nəzərdən keçirilməlidir”, – deyə IRENA-nın hesabatında bildirilib.
