Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,521 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin saytında dərc olunan hesabatda deyilir.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 273 milyon kubmetr və ya 0,7 faiz azalıb. 2025-ci ilin ilk doqquz ayında ölkədə 37,794 milyard kubmetr təbii qaz hasil olunub.
Hesabat dövründə əmtəəlik təbii qaz hasilatı 28,581 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 465 milyon kubmetr və ya 1,6 faiz azdır. Ötən ilin yanvar-sentyabr aylarında 29,046 milyard kubmetr əmtəəlik qaz hasil edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə mədənçıxarma sənayesinin ümumi məhsulunun dəyəri 31,1 milyard manat olub. Sahədə sənaye istehsalının real həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalıb.
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 37,9 milyard kubmetr qaz hasil edilib. Bunun 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,6 milyard kubmetri “Şahdəniz”, 1,2 milyard kubmetri “Abşeron” yataqlarının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Doqquz ay ərzində Azərbaycandan 18,4 milyard kubmetr qaz ixrac olunub. Bunun 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, o cümlədən 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə Suriyaya göndərilib.
