Bakı. Trend:
Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi ilə əlaqədar ölkəmizdə səfərdə olan beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, oktyabrın 16-da Azərbaycanın Baş naziri Əli Əsədov yubiley tədbirlərində iştirak edən nümayəndələrlə görüşüb.
Görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Bu sahədə yaradılmış müasir infrastruktur və əldə olunmuş beynəlxalq nailiyyətlər barədə məlumat verilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyəti ərzində ölkə paralimpiyaçılarının mühüm uğurlar qazandığı diqqətə çatdırılıb.
Tərəflər beynəlxalq və milli paralimpiya komitələri ilə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq paraidman yarışlarının təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
