Bakı. Trend:
Azərbaycan Baş Prokurorluğu “Şanlıurfa Olay” qəzetinin türkiyəli köşə yazarı Celal Çiftçini beynəlxalq axtarışa verib. O, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların yayılması ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Trend Azərbaycanın beynəlxalq axtarışa verdiyi Celal Çiftçinin işi ilə buna bənzər ekstremist fəaliyyəti ilə seçilən və 2017-ci ildə Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilən bloger Aleksandr Lapşin arasında paralelləri araşdırıb.
İsrail və Rusiya vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2016-cı il dekabrın 14-də Belarusda Azərbaycanın tələbi ilə saxlanılmışdı.
Lapşin Azərbaycan hökumətinin icazəsi olmadan ölkəmizin o zamanlar hələ işğal altında olan Qarabağ bölgəsinə səfər etməkdə, habelə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar etməkdə ittiham olunurdu. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə cinayət işi başlanmış, dövlətlərarası axtarış elan edilmişdi.
Belarus Ali Məhkəməsi onun ekstradisiyası barədə qərardan verilən şikayəti təmin etmədikdən sonra Lapşin 2017-ci il fevralın 7-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enən təyyarə ilə Bakıya çatdırılmışdı.
Həmin vaxt baş verən hadisə beynəlxalq axtarışa verilmiş şəxsin başqa ölkədə saxlanılaraq Azərbaycana ekstradisiya edilməsinin konkret nümunəsi oldu.
Lapşin Azərbaycana gətirildikdən sonra məhkəmə qarşısına çıxarıldı.
2017-ci il iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə üç il müddətinə azadlıqdan məhrumetmə cəzası vermiş, bununla yanaşı, 281.2-ci maddə ilə irəli sürülən ittiham üzrə bəraət hökmü çıxarmışdı.
2017-ci il sentyabrın 11-də əfv sərəncamı ilə azadlığa çıxan Lapşin xarici ölkələrdən birinə köçüb.
Odur ki, Türkiyə vətəndaşı Celal Çiftçi və onun kimi Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak edənlər şəxslər xarici ölkə vətəndaşları olmaqlarına, ölkə hüquqlarından kənarda yaşamaqlarına arxayın olmamalıdır.
Onlar anlamalıdırlar ki, gec və ya tez mütləq Azərbaycan Femidasının qarşısında cavab verəcəklər və həmin gün uzaqda deyil.
