Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri bərpa etməsini “utancverici” adlandıraraq Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı növbəti dəfə sərt mövqe nümayiş etdirib.
“Düşünürəm ki, bu, utancvericidir”, — deyə ABŞ prezidenti günün əvvəlində zərbələrin bərpa olunması barədə açıqlamanı şərh etmək üçün ona müraciət edən Newsmax telekanalına bildirib. “Hücum edilə biləcək bir çox başqa hədəf var”, — deyə o əlavə edib. “Düşünürəm ki, Zelenski ilə işləmək Putindən daha çətindir”, — Tramp vurğulayıb.
Vaşinqtonla Kiyev arasında gərginliyin yenidən artdığı, Ukraynanın ABŞ-ın dəstəyinin davamlılığından, hətta Birləşmiş Ştatların Rusiyaya yardım göstərə biləcəyindən narahat olduğu bir vaxtda Donald Tramp Volodimir Zelenskini tənqid edərək bildirib ki, onun “etdiyi hər şey dünya bazarında neft qiymətlərini artırmaqdan ibarətdir”.
Cümə axşamı günün əvvəlində Volodimir Zelenski Financial Times qəzetinə verdiyi açıqlamada Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməməsi ilə bağlı atəşkəsin “ləğv edildiyini” bildirib. Bununla o, Donald Trampın enerji obyektlərinə hücumların dayandırılması barədə elan etdiyi atəşkəsə qarşı çıxıb. Moskva isə bu təşəbbüslə razılaşmamışdı.
“Dizel yanacağı istehsal edən neft emalı zavodlarına zərbələr endirməklə (...) siz dünyaya yaxşılıq etmirsiniz”, — deyə Donald Tramp təkid edib.
ABŞ prezidenti Newsmax telekanalına açıqlamasında Zelenskini yenidən tənqid edərək bildirib: “Zelenski bizim üçün razılaşma əldə etməyə uyğun adam deyil. O, razılaşma əldə etmək istədiyini deyir, amma əslində istəmir. Mən onu o qədər də xoşlamıram”.
