Bakı.Trend:
“Anglo Asian Mining” şirkəti 2026-cı ilin üçüncü rübündə Azərbaycanda 6 781 unsiya qızıl hasil edib. Şirkətin son hesabatına görə, bu göstərici 2025-ci ilin eyni dövründə 6 798 unsiya təşkil edib.
Cari ilin üçüncü rübündə hasil edilən ümumi qızılın 5 582 unsiyası qızıl tərkibli dore ərintisinin, digər 1 199 unsiyası isə flotasiya və SART istehsal məhsullarının payına düşüb.
2026-cı ilin yanvar-sentyabr aylarında “Anglo Asian Mining” 19 110 unsiya qızıl hasil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 18 912 unsiya olub.
“Qızıl külçələrin ümumi satış həcmi bir unsiyası orta hesabla 4 259 dollar olmaqla 5 733 unsiya təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin üçüncü rübündə bir unsiyası orta hesabla 3 430 dollardan 5 181 unsiya qızıl satılıb”, - şirkətdən bildirilib.
“Anglo Asian Mining” 2026-cı il üzrə qızıl hasilatı proqnozunu 26-30 min unsiya səviyyəsində saxlayır.
Qeyd edək ki, “Anglo Asian Mining plc” Azərbaycanda hasilat və geoloji kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl istehsalçısıdır.
Şirkət 2030-cu ilədək bir neçə aktivə malik orta həcmli mis və qızıl istehsalçısına çevrilməyi nəzərdə tutan inkişaf strategiyasını həyata keçirir. Mis artıq şirkətin əsas məhsuluna çevrilib. Proqnozlara görə, 2030-cu ilədək misin illik hasilatı təxminən 50-55 min tona çatacaq.
Hasilatın artırılması 2027-2030-cu illərdə üç yeni mədənin - “Xarxar”, “Qaradağ” və “Zəfər” mədənlərinin istismara verilməsi hesabına planlaşdırılır. Bu mədənlərdə hasilat müvafiq olaraq 2025-ci ilin may və iyul aylarında başlayan “Gilar” və “Dəmirli” mədənlərini tamamlayacaq.
