Bakı.Trend:
Süni intellektin mühəndislik təhsilində tətbiqi analitik yanaşmanı və fiziki proseslərin başa düşülməsini əvəz etməməli, süni intellektlə işin nəticələrinə görə məsuliyyət isə mühəndisin üzərində qalmalıdır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu İtaliyanın Turin Politexnik Universitetinin Energetika Departamentinin nümayəndəsi Aldo Kanova İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə IEEE-nin 20-ci Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində deyib.
“Analitik yanaşmanı qorumaq vacibdir. Tətbiqi elektromaqnetika üzrə dərslərimdə tələbələrə hətta sadə nümunələr əsasında da analitik metodları izah edirəm. Bu, ilk növbədə, onların fizikanı, əsas tənlikləri və riyazi modelləri yaxşı başa düşmələri üçün zəruridir. Beləliklə, onlar süni intellektə düzgün sorğular ünvanlaya və onun nəticələrini yoxlamaq üçün lazımi vasitələrə malik ola bilərlər”, - deyə o bildirib.
A.Kanovanın sözlərinə görə, bu cür anlayış olmadan tələbələr süni intellektin cavablarını tənqidi qiymətləndirmədən və onların etibarlılığını yoxlamadan qəbul edə bilərlər.
O, həmçinin mühəndislərin peşə fəaliyyətlərində süni intellektdən istifadə edərkən məsuliyyət daşımasının vacibliyini vurğulayıb.
“Tələbələr universiteti bitirib körpü və ya elektrik stansiyası layihələndirməyə başlayanda müəyyən tapşırıqları yerinə yetirmək üçün süni intellektdən istifadə etməyə davam edə bilərlər. Lakin onlar başa düşməlidirlər ki, məsuliyyət süni intellektin deyil, mühəndis kimi özlərinin üzərinə düşür. Süni intellekt məsuliyyət daşımır”, - deyə A.Kanova qeyd edib.
Onun sözlərinə görə, tələbələrin süni intellekti bir vasitə kimi qəbul etmələri, eyni zamanda, onun tətbiqinin nəticələrinə görə öz məsuliyyətlərini dərk etmələri vacibdir.
Qeyd edək ki, Bakıda ADA Universitetində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə IEEE-nin 20-ci Beynəlxalq Konfransı (AICT2026) keçirilir.
Konfrans Azərbaycanda yeddinci dəfə təşkil olunur və bu il AICT konfransları silsiləsinin 20 illiyinə həsr edilib. Tədbir “20 ildir elmi, texnologiyaları və cəmiyyəti birləşdiririk” şüarı altında keçirilir.
Tədbir ADA Universiteti, IEEE-nin Azərbaycandakı müvafiq bölmələri, Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazaxıstan-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Teslanın adını daşıyan Elektrotexnika İnstitutu və Alessandro Faedonun adını daşıyan İnformasiya Elmi və Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik mübadiləsini təşviq etmək, eləcə də sektorun son nailiyyətlərini müzakirə etməkdir. Tədbir tədqiqatçıları, alimləri və sənaye nümayəndələrini bir araya gətirir.
