Azərbaycanda bank sektorunda təmərküzləşmə orta səviyyədədir - AMB

İqtisadiyyat Xəbər 15 Oktyabr 2026 12:08 (UTC +04:00)
Azərbaycanda bank sektorunda təmərküzləşmə orta səviyyədədir - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank sektorunda təmərküzləşmə orta səviyyədədir və son dövrlərdə bu göstərici üzrə azalma tendensiyası müşahidə olunur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qiymətləndirməsinə görə, bank xidmətləri bazarında rəqabət əvvəlki dövrlərlə müqayisədə yaxşılaşıb.

"Bank sektorunda təmərküzləşmə ayrı-ayrı bankların bazardakı payı və maliyyə sistemindəki əhəmiyyəti ilə bağlıdır. Bir çox ölkədə sistem əhəmiyyətli bankların mövcudluğu maliyyə bazarlarının xarakterik xüsusiyyətlərindən biridir.
Ölkələrin bank sektorlarına baxdıqda, demək olar ki, hər birində digər banklarla müqayisədə daha böyük və sistem üçün daha əhəmiyyətli maliyyə institutları mövcuddur. Azərbaycanda isə hazırda təmərküzləşməni orta səviyyədə qiymətləndiririk. Yüksək səviyyəli təmərküzləşmə müşahidə etmirik”, - deyə Ş.Mahmudzadə qeyd edib.

Onun sözlərinə görə, son dövrlərdə bazarda təmərküzləşmənin azalması istiqamətində tendensiya formalaşıb. Bəzi dövrlərdə dövlət sektorunun fəaliyyəti və digər amillər ayrı-ayrı bankların bazar paylarına təsir göstərə bilsə də, ümumi mənzərə rəqabətin yaxşılaşdığını göstərir.
AMB rəsmisi bildirib ki, əvvəlki illərdə iri və kiçik banklar arasında maliyyələşmə xərcləri baxımından ciddi fərqlər mövcud olub. Hazırda isə bankların maliyyələşmə xərcləri və gəlirlilik göstəriciləri bir-birinə daha yaxınlaşıb.

“Əvvəllər iri banklarla kiçik bankların maliyyələşmə xərcləri arasında kifayət qədər böyük fərqlər var idi. Hazırda bu xərclər, eləcə də gəlirlilik göstəriciləri bir-birinə daha yaxındır. Təbii ki, iri bankların kadrlarına, texnologiyalarına və sistemlərinə daha çox investisiya yatırmaq, müştərilərə daha geniş xidmət imkanları təqdim etmək potensialı var. Bu, bankların ölçüsü ilə bağlı normal haldır. Lakin müştərilər baxımından təmərküzləşmənin azalması tendensiyası müşahidə olunur”, - deyə o bildirib.

Ş.Mahmudzadə əməkhaqqı vəsaitlərinin banklar arasında bölüşdürülməsinin də rəqabətə müsbət təsir göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, əməkhaqqı kartları üzrə müştərilərin bank seçimi imkanlarının genişlənməsi digər bankların bazara çıxışını asanlaşdırır və onlara əlavə müştərilər cəlb etmək, kredit və digər xidmətlərini təklif etmək imkanı yaradır.

“Əməkhaqqı fondunun və əməkhaqqı ödənişlərinin banklar arasında bölüşdürülməsi təmərküzləşmənin azalmasına xidmət edən mexanizmlərdən biridir. Müştərilər bank seçərkən daha geniş imkanlara malik olduqda, digər bankların da bazarda iştirak etmək və öz xidmətlərini təklif etmək imkanları artır. Bununla belə, belə dəyişikliklərin nəticələrinin tam görünməsi üçün müəyyən vaxt və infrastruktur dəyişiklikləri tələb olunur”, - deyə baş direktor qeyd edib.

O əlavə edib ki, AMB-nin tətbiq etdiyi tənzimləyici tədbirlərin nəticələri də bank sektorunda təmərküzləşmənin dinamikasının qiymətləndirilməsi zamanı nəzərə alınır. Kredit və ipoteka bazarlarında ayrı-ayrı bankların payı müəyyən dövrlərdə dəyişə bilər, lakin ümumi tendensiyanı qiymətləndirmək üçün daha uzunmüddətli müşahidələrə ehtiyac var.

Ş.Mahmudzadə Maliyyə Sabitliyi Hesabatında kiçik və orta bankların maliyyə şoklarına qarşı daha həssas olması ilə bağlı qiymətləndirməyə də aydınlıq gətirib.

O bildirib ki, bu təhlilin əsas məqsədi sistem əhəmiyyətli banklarla digər bankların maliyyə dayanıqlılığını müqayisə etmək, eləcə də bankların risk profilinə uyğun tənzimləmə və nəzarət mexanizmlərini müəyyənləşdirməkdir.

“Kiçik və orta bankların şoklara qarşı daha həssas olması ilə bağlı təhlilin məqsədi iri, yəni sistem əhəmiyyətli banklarla digər bankların müqayisəsini aparmaqdır. Mövcud tənzimləyici çərçivəyə əsasən, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələbləri nəzərdə tutulur. Eyni zamanda, həmin banklara daha intensiv nəzarət tədbirləri tətbiq edilir”, - deyə o bildirib.

AMB rəsmisinin sözlərinə görə, bankların kapital strukturunun qiymətləndirilməsi zamanı ikinci dərəcəli kapitalın dinamikası da nəzərə alınmalıdır. Bu istiqamətdə mövcud yanaşmaların ilin sonunadək yenidən nəzərdən keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, ikinci dərəcəli kapitalın əsas elementlərindən biri cari ilin mənfəətidir. İlin sonunda həmin mənfəətin müvafiq qaydada kapitalın digər komponentinə keçirilməsi ikinci dərəcəli kapitalın göstəricisində azalmaya səbəb ola bilər.

“Bu, kapitalın strukturundan irəli gələn məsələdir və müəyyən mənada təbii prosesdir. Cari ilin mənfəəti ikinci dərəcəli kapitalın əsas elementlərindən biridir. İlin sonunda həmin mənfəət kapitalın digər komponentinə keçirildikdə, ikinci dərəcəli kapitalın məbləği də müvafiq olaraq dəyişir. Buna görə təhlillər aparılarkən yalnız ikinci dərəcəli kapitalın göstəricisinə deyil, ümumi kapitalın səviyyəsinə də baxmaq lazımdır”, - deyə Ş.Mahmudzadə vurğulayıb.

O əlavə edib ki, kapital göstəricilərinin düzgün qiymətləndirilməsi bankların maliyyə dayanıqlılığının müəyyənləşdirilməsi və risklərə qarşı müqavimət imkanlarının təhlili baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti