Azərbaycanda sığorta sektorunun inkişafı üçün layihələrin icra vəziyyəti açıqlanıb

İqtisadiyyat Xəbər 15 Oktyabr 2026 11:43 (UTC +04:00)
Azərbaycanda sığorta sektorunun inkişafı üçün layihələrin icra vəziyyəti açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sığorta sektorunun inkişafı və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu çərçivədə avtomobil sığortası üzrə tariflərin hesablanması sisteminin təkmilləşdirilməsi, daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericiliyin yenilənməsi, zəlzələ risklərinin modelləşdirilməsi və aqrar sığorta sisteminin institusional strukturunun təkmilləşdirilməsi istiqamətində işlər görülür.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, 2026-cı ilin ilk yarısında sığorta sektoru artımını davam etdirib. Hesabat dövründə sığorta haqlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 900 milyon manata çatıb. Artım əsasən könüllü sığorta növləri üzrə qeydə alınıb. Sığorta ödənişləri isə 27 faiz artaraq 550 milyon manat təşkil edib.

“Bazarda genişlənmə fonunda sığorta sektorunun aktivlərində də müsbət dinamika davam edir. İlk altı ayda sektorun aktivləri 5,8 faiz artaraq 1,3 milyard manata çatıb. Sığorta sektoru maliyyə sisteminin mühüm institusional investorlarından biri kimi çıxış edir. Hesabat dövründə investisiya fəaliyyəti davam edib və investisiya portfelinin əsas hissəsini dövlət qiymətli kağızları, bank depozitləri və korporativ qiymətli kağızlar təşkil edib”, - deyə A.Həsənov bildirib.

Onun sözlərinə görə, sığorta sektorunun zərər əmsalı hesabat dövründə 3 faiz bəndi artaraq 60,5 faizə yüksəlib, xərc əmsalı isə 79 faiz təşkil edib. Təhlillər bazarda əhəmiyyətli paya malik bir sıra sığorta şirkətlərində zərər əmsalının daha çox artdığını göstərir.

A.Həsənov qeyd edib ki, buna baxmayaraq, sektorun gəlirliliyi qorunub saxlanılıb. İlin ilk yarısında sığorta sektorunun mənfəəti 90 milyon manat təşkil edib. Sektorun məcmu kapitalı 312 milyon manat olmaqla, tələb olunan kapital səviyyəsini 53 faiz üstələyib.

Departament direktoru vurğulayıb ki, cari ildə sığorta sektorunda tənzimləmə və inkişaf istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.

“Avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin hesablanması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər görülüb və sığorta tariflərinin hesablanmasında istifadə olunan əmsallarla bağlı müvafiq normativlər müəyyən edilib”, - deyə o bildirib.

O əlavə edib ki, sığorta xidmətlərinə istehlakçı etimadının artırılması məqsədilə bir sıra sığorta növləri üzrə qaydaların təkmilləşdirilməsi istiqamətində də tədbirlər görülüb. Bu çərçivədə avtomobil nəqliyyatı vasitələrinin KASKO sığortası, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və fiziki şəxslərə təqdim olunan fərdi qəza sığortası üzrə tənzimləyici işlər aparılıb.

A.Həsənovun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası üzrə tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanmış qanunvericilik layihəsi aidiyyəti üzrə Nazirlər Kabinetinə təqdim edilib.

“Bununla yanaşı, Azərbaycan üçün səciyyəvi olan katastrofik risklərin, xüsusilə zəlzələ riskinin modelləşdirilməsi layihəsi tamamlanıb”, - deyə o qeyd edib.

Departament direktoru bildirib ki, aqrar sığorta sisteminin institusional strukturunun təkmilləşdirilməsi məqsədilə hazırlanmış qanun layihəsi də razılaşdırılması üçün müvafiq dövlət qurumlarına təqdim olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti