Bakı. Trend:
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yeddinci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri razılaşdırılıb və zirvə görüşünə təqdim olunması barədə qərar qəbul edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən məlumata görə, bu barədə oktyabrın 14-də Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən AQEM Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında bildirilib.
İclasda oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul edilməsi nəzərdə tutulan qərar və bəyanat layihələri nəzərdən keçirilib.
Bununla yanaşı, Azərbaycanın son iki ildə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın gələcək istiqamətləri və Müşavirənin təşkilati məsələlərinə dair sənəd layihələri üzrə razılıq əldə olunub.
İclasın yekununda razılaşdırılmış layihələrin Yeddinci Zirvə Görüşünə təqdim edilməsi barədə müvafiq qərar qəbul edilib.
