Bakı. Trend:
Bu il Azərbaycanda 18 yerli müəssisə üçün transformasiya yol xəritəsi hazırlanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çərşənbə günü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, yol xəritələri Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icra etdiyi proqram çərçivəsində hazırlanıb. 2030-cu ilədək dövlət maliyyələşməsi hesabına müəssisələrin rəqəmsal hazırlığının qiymətləndirilməsi, rəqəmsal və yaşıl transformasiya üzrə fərdi yol xəritələrinin hazırlanması nəzərdə tutulur.
E.Əliyev SOCAR-ın Karbamid zavodunun bu il Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinə daxil olmasını ölkədə sənaye müəssisələrinin texnoloji inkişaf imkanlarını göstərən nümunə kimi qiymətləndirib. O vurğulayıb ki, əsas vəzifə belə təcrübənin daha geniş müəssisə dairəsinə yayılmasına nail olmaqdır.
Nazirin birinci müavininin sözlərinə görə, texnologiyaya qoyulan sərmayə kadr hazırlığı ilə tamamlanmalı, müəssisələrin avadanlıqları yeniləndikcə işçilərin bacarıqları da inkişaf etməlidir. “Coursera” ilə birgə həyata keçirilən milli proqramın yaratdığı imkanlar bu baxımdan faydalıdır.
E.Əliyev qeyd edib ki, hazırda hüquqi çərçivə, tətbiq təcrübəsi və sahibkarlığa dəstək alətləri baxımından daha geniş imkanlar mövcuddur. Qarşıdakı vəzifə bu imkanların bir-birini tamamlamasını təmin etməkdir. Dövlət dəstəyi müəssisələrin məhsuldarlığını və bazarda müstəqil inkişaf imkanlarını artırmalıdır.
O, Milli Fəaliyyət Planının icrasının konkret nəticələr əsasında qiymətləndirilməsinin vacibliyini də vurğulayıb. Bazara girişin asanlaşması, infrastrukturdan istifadə imkanlarının yaxşılaşması, istehlakçı seçiminin və xidmət keyfiyyətinin artması bu baxımdan diqqətdə saxlanılmalıdır.
Nazirin birinci müavini növbəti forumda bu məsələlər üzrə konkret nəticələrin müzakirəsinin cəmiyyət üçün faydalı olacağını bildirib.
E.Əliyev əlavə edib ki, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlığı davam etdirəcək. Məqsəd sahibkarların uzunmüddətli investisiya qərarlarını inamla qəbul etməsi, müəssisələrin daha məhsuldar işləməsi və Azərbaycan məhsullarının xarici bazarlarda mövqeyinin güclənməsidir. Sağlam rəqabət mühiti bu məqsədlərə çatmağın əsas şərtlərindəndir.
