IEA 2026-2027-ci illərdə Azərbaycanda neft hasilatı üzrə proqnozlarını verib

İqtisadiyyat Xəbər 14 Oktyabr 2026 12:00 (UTC +04:00)
IEA 2026-2027-ci illərdə Azərbaycanda neft hasilatı üzrə proqnozlarını verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanda kondensat istisna olmaqla, neft hasilatının 2026-cı ildə gündəlik 440 min barel təşkil edəcəyini proqnozlaşdırır. Bu 2025-ci ilin göstəricisindən (gündəlik 470 min barel) 6,4 faiz azdır.

Bu barədə agentliyin “Oil Market Report” hesabatında bildirilir. IEA-nın proqnozuna görə, 2027-ci ildə neft hasilatı gündəlik 430 min barelə qədər azalacaq.

Trend-in hesablamalarına əsasən, bu, 2025-ci ilin göstəricisindən 8,5 faiz, 2026-cı il üçün proqnozdan isə 2,3 faiz azdır.

Rüblük məlumatlara əsasən, 2026-cı ilin üçüncü rübündə kondensat istisna olmaqla, neft hasilatı gündəlik 430 min barel təşkil edib. Dördüncü rübdə bu göstəricinin 2,3 faiz artaraq gündəlik 440 min barelə çatacağı gözlənilir. Proqnoza görə, hasilat 2027-ci ilin birinci rübündə də bu səviyyədə qalacaq.

IEA 2027-ci ilin ikinci rübündə hasilatın əvvəlki rüblə müqayisədə 2,3 faiz azalaraq gündəlik 430 min barelə düşəcəyini proqnozlaşdırır.

Agentliyin aylıq qiymətləndirmələrinə görə, kondensat istisna olmaqla, neft hasilatı 2026-cı ilin iyulunda gündəlik 440 min barel təşkil edib, avqustda 410 min barelə enib, sentyabrda isə yenidən 440 min barelə yüksəlib.

"Azərbaycanda neft hasilatı sentyabrda əvvəlki ayla müqayisədə gündəlik 30 min barel artaraq 440 min barelə çatıb. Bu artım “Azəri-Çıraq-Günəşli” kompleksində dəniz işlərinin başa çatdırılmasından sonra qeydə alınıb.Sentyabrda “TotalEnergies” və onun tərəfdaşları – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və XRG “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarı qəbul ediblər. Hasilatın 2029-cu ildə başlanması planlaşdırılır. Layihə kondensat hasilatı gücünü gündəlik təxminən 50 min barelə çatdırmağa imkan verəcək ki, bu da birinci mərhələdəki mövcud göstəricidən gündəlik 35 min barel çoxdur.

Bundan əlavə, “ExxonMobil” və SOCAR qeyri-ənənəvi neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi üzrə iştirak paylarının hər biri 50 faiz olmaqla hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Layihənin operatoru qismində çıxış edəcək “ExxonMobil” ABŞ-də şist yataqlarının işlənməsi sahəsində təcrübəsini tətbiq edəcək.

Agentliyin proqnozuna görə, Azərbaycanda kondensat da daxil olmaqla, ümumi neft hasilatı 2026-cı ildə gündəlik 550 min barel təşkil edəcək. 2025-ci ildə bu göstərici gündəlik 580 min barel olub. 2027-ci ildə isə ümumi neft hasilatının orta hesabla gündəlik 530 min barel olacağı gözlənilir.

Rüblük qiymətləndirmələrə əsasən, kondensat da daxil olmaqla, ümumi neft hasilatı 2026-cı ilin üçüncü və dördüncü rüblərində, eləcə də 2027-ci ilin ilk iki rübündə gündəlik 540 min barel səviyyəsində olacaq. IEA 2027-ci ilin üçüncü və dördüncü rüblərində göstəricinin gündəlik 530 min barelə enəcəyini proqnozlaşdırır.

Agentliyin aylıq məlumatlarına görə, Azərbaycanda kondensat da daxil olmaqla, ümumi neft hasilatı 2026-cı ilin iyulunda gündəlik 550 min barel təşkil edib, avqustda 520 min barelə enib, sentyabrda isə 540 min barelə yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti