Bakı.Trend:
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər və səfər çərçivəsində qəbul olunan Birgə Bəyanat göstərir ki, Azərbaycan-Laos münasibətlərinin qarşıdakı dövrdə daha geniş və praktik əməkdaşlıq müstəvisinə keçirilməsi üçün qarşılıqlı siyasi iradə mövcuddur:
"Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixi var. Bu müddət ərzində ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdiriblər. Hesab edirəm ki, bu, münasibətlərin möhkəm siyasi təmələ söykəndiyini göstərən vacib amildir. Dövlət başçılarının görüşündə əldə edilən razılaşmalar isə artıq mövcud siyasi etimadın iqtisadi, investisiya, təhsil, nəqliyyat və digər sahələrdə konkret nəticələrə çevrilməsi üçün yeni imkanlar açır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, siyasi əlaqələrin yüksək səviyyəsi hazırkı ticarət dövriyyəsində hələ tam əksini tapmır. Bu baxımdan Laos-Azərbaycan biznes-forumunun keçirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və konkret investisiya layihələrinin müzakirəyə çıxarılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə xaricə yatırdığı sərmayələrin həm həcminin, həm də coğrafiyasının genişlənməsi ölkəmizin beynəlxalq investisiya imkanlarının artdığını göstərir. Laos tərəfindən iqtisadi cəhətdən əsaslandırılmış konkret layihələrin təqdim edilməsi qarşılıqlı sərmayə əməkdaşlığının formalaşmasına şərait yarada bilər.
Energetika, mədənçilik və kənd təsərrüfatının perspektivli əməkdaşlıq istiqamətləri sırasında göstərilməsi də təsadüfi deyil. Azərbaycan bu sahələrin hər birində mühüm təcrübəyə malikdir. Bu təcrübənin Laosla bölüşdürülməsi, biznes dairələri arasında əməkdaşlığın təşviq olunması və birgə layihələrin müəyyənləşdirilməsi münasibətlərin iqtisadi məzmununu əhəmiyyətli dərəcədə zənginləşdirə bilər".
A.Həsənova vurğulayıb ki, digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir: "Bu gün Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Laosun qonşu ölkələrlə həyata keçirdiyi dəmir yolu layihələrinin gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutları ilə əlaqələndirilməsi yeni yük axınlarının formalaşdırılması baxımından maraqlı perspektiv yaradır. Bu, Azərbaycan-Laos münasibətlərini yalnız ikitərəfli çərçivədə deyil, daha geniş Avrasiya bağlantıları kontekstində qiymətləndirməyə imkan verir.
Prezident İlham Əliyevin laoslu tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpa edilməsi ilə bağlı təşəbbüsü də xüsusi diqqətə layiqdir. Sovet dövründə iki mindən çox Laos vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında mühüm humanitar körpü yaradıb. Təqaüd mexanizmlərinin tətbiqi ilə bu ənənənin yenidən canlandırılması gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər. Təhsil sahəsində əməkdaşlıq uzunmüddətli perspektivdə dövlətlərarası münasibətlər üçün ən dayanıqlı bağlardan biridir".
A.Həsənova vurğulayıb ki, iki ölkənin mina problemi ilə bağlı oxşar acı təcrübəyə malik olması da əməkdaşlığın xüsusi istiqamətini formalaşdıra bilər: "Laos müharibədən onilliklər keçməsinə baxmayaraq partlamamış sursatların ağır nəticələri ilə üzləşməkdə davam edir. Azərbaycan isə Ermənistanın uzunmüddətli işğalından azad edilmiş ərazilərində genişmiqyaslı mina təhlükəsi ilə mübarizə aparır. Buna görə minatəmizləmə, yeni texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması və təcrübə mübadiləsi hər iki ölkə üçün real praktik əhəmiyyət daşıyır.
Parlamentlərarası münasibətlərin inkişafını da xüsusi qeyd etmək lazımdır. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi qanunverici orqanlar arasında birbaşa dialoqun genişləndirilməsi üçün mühüm platformadır. Parlament diplomatiyası siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi, humanitar və beynəlxalq əməkdaşlığın inkişafına da əlavə töhfə verə bilər.
Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri göstərir ki, ölkəmizin xarici siyasət əlaqələrinin coğrafiyası genişlənməkdə davam edir. Azərbaycan yalnız ənənəvi tərəfdaşları ilə münasibətlərini inkişaf etdirmir, eyni zamanda Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın yeni imkanlarını formalaşdırır. Hesab edirəm ki, qəbul edilmiş Birgə Bəyanat və müəyyənləşdirilmiş əməkdaşlıq istiqamətləri konkret layihələrlə davam etdirilərsə, Azərbaycan-Laos münasibətləri qarşıdakı illərdə daha yüksək və qarşılıqlı faydalı mərhələyə yüksələ bilər".
