Qarabağ və Şərqi Zəngəzur qeyri-neft-qaz sektorunun yeni inkişaf mərkəzlərindən birinə çevrilir - Nazir

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 09:10 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur qeyri-neft-qaz sektorunun yeni inkişaf mərkəzlərindən birinə çevrilir - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurda istehsal imkanlarının genişlənməsi regionu Azərbaycanın qeyri-neft-qaz sektorunun yeni inkişaf mərkəzlərindən birinə çevirir.

Trend-in sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (Rebuild Garabagh) iştirakçılarına müraciətində bildirib.

Nazir qeyd edib ki, “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Garabagh” sərgisi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülən işləri və bölgədə yaradılan investisiya imkanlarını bir araya gətirən mühüm platformadır.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yaşayış massivləri, yeni nəqliyyat dəhlizləri, yaşıl enerji və sosial layihələr dövlətin bu ərazilərə strateji baxışını əks etdirir.

M.Cabbarovun sözlərinə görə, ardıcıl və sistemli bərpa-quruculuq işləri nəticəsində regionda dayanıqlı məskunlaşma və iqtisadi inkişaf üçün geniş imkanlar formalaşıb.

Nazir vurğulayıb ki, azad edilmiş ərazilərdə sahibkarlığın təşviqi məqsədilə tətbiq olunan vergi və gömrük azadolmaları, güzəştli kreditlər, kreditlərə zəmanət və subsidiya alətləri, hazır infrastrukturla təmin edilmiş sənaye parkları və digər imtiyazlar bölgədə əlverişli biznes mühiti yaradıb.

O qeyd edib ki, dövlət başçısının imzaladığı fərmanlarla bu sahədə əlavə dəstək mexanizmləri də yaradılıb. Malların xarici bazarlara, o cümlədən yeni və alternativ istiqamətlərə daşınması xərclərinin əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına qarşılanması, ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiya olunması və digər mexanizmlər azad edilmiş ərazilərdə fəaliyyət göstərən ixracatçıların daxili və xarici bazarlardakı mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.

M.Cabbarov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin sayının artması regionun sənaye potensialının sürətlə reallaşdığını göstərir.

“Bu layihələr yalnız daxili tələbatın qarşılanmasına deyil, eyni zamanda rəqabətqabiliyyətli məhsulların ixracına və yeni dəyər zəncirlərinin formalaşmasına imkan verir”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, regionun zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, enerji potensialı, nəqliyyat-logistika imkanları və turizm perspektivləri investorlar üçün geniş imkanlar yaradır.

Nazirin sözlərinə görə, bölgə zəngin geoloji ehtiyatlara malikdir və bir sıra yataqlarda artıq istismar prosesinə başlanılıb. Kənd təsərrüfatı, xüsusilə bağçılıq və heyvandarlıq sahələrində intensiv layihələr həyata keçirilir.

M.Cabbarov vurğulayıb ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə regionun nəqliyyat-logistika imkanları əlavə əhəmiyyət qazanacaq.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun qədim tarixi, füsunkar təbiəti, zəngin mədəni abidələri və müalicəvi mineral su ehtiyatları turizm sahəsində də əlavə investisiya imkanları yaradır.

Nazir biznes nümayəndələrini bölgənin iqtisadi potensialını dəyərləndirməyə və yeni layihələr həyata keçirməyə çağırıb.

“Əminik ki, ‘Rebuild Garabagh’ sərgisi regionun iqtisadi potensialının biznes ictimaiyyətinə təqdim olunmasına, yeni investisiya təşəbbüslərinin və tərəfdaşlıqların yaranmasına, eləcə də regionun inkişafının sürətlənməsinə töhfə verəcək”, – deyə M.Cabbarov bildirib.

O, sərginin təşkilində əməyi olan bütün tərəfdaşlara təşəkkür edib, iştirakçılara və ziyarətçilərə uğurlar, səmərəli görüşlər və yeni əməkdaşlıq imkanları arzulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti