Bakı. Trend:
Azərbaycanda banklar üçün Xalis Sabit Maliyyələşmə Nisbəti (NSFR) əmsalı üzrə minimum prudensial normativin tətbiqinə 2027-ci ildə başlanılması nəzərdə tutulur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabata əsasən, banklarda uzunmüddətli likvidliyin təşviq edilməsi məqsədilə Mərkəzi Bank 2026-cı ildən etibarən banklardan NSFR əmsalı üzrə məlumatları rüblük əsasda toplamağa başlayıb.
Bu məqsədlə AMB NSFR əmsalının hesablanması metodologiyasını və müvafiq hesabat formalarını hazırlayıb. Bankların təqdim etdiyi məlumatlar yoxlanılır və dəqiqləşdirilir, həmçinin onlara zəruri metodoloji dəstək göstərilir və müvafiq izahatlar verilir.
Hesabatda, həmçinin kreditin depozitə nisbəti göstəricisinin artdığı qeyd olunub. Belə ki, 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin birinci yarısında bu göstərici 2 faiz bəndi artaraq 80 faizə çatıb.
Bildirilib ki, kredit və depozit portfellərinin hər ikisində artım müşahidə olunsa da, kredit portfelinin artım sürəti depozit portfelinin artım sürətindən 1,5 dəfə yüksək olub. Bu amil kreditin depozitə nisbətinin yüksəlməsini şərtləndirib.
