Fintex xidmətlərinin Türk dövlətləri arasında genişləndirilməsi planlaşdırılır

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 11:45 (UTC +04:00)
Fintex xidmətlərinin Türk dövlətləri arasında genişləndirilməsi planlaşdırılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fintex ekosisteminin inkişafı və ödəniş xidmətlərinin beynəlxalq miqyasda genişləndirilməsi istiqamətində Türk dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə ödəniş sistemlərinin inteqrasiyası, lisenziyaların qarşılıqlı tanınması və sürətli, aşağı komissiyalı transsərhəd köçürmələrin həyata keçirilməsi əsas hədəflər sırasındadır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda fintex ekosisteminin tənzimlənməsi istiqamətində 2024-cü ildən etibarən mühüm addımlar atılıb. Həmin ildən fintex sektorunda fəaliyyət göstərən müvafiq subyektlər lisenziyalaşdırma və Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət çərçivəsinə daxil edilib. Bu, əvvəllər tənzimlənmədən fəaliyyət göstərən bazarın hüquqi çərçivəyə cəlb olunmasına və fəaliyyətin daha sistemli şəkildə təşkilinə imkan yaradıb.

“Azərbaycanda fintex ekosistemi böyük potensiala malikdir. Hazırda tənzimləyici qurumla konstruktiv dialoq şəraitində sektorun inkişafı üzərində işləyirik. Bu potensial yalnız Azərbaycan bazarı ilə məhdudlaşmır. İlk növbədə Türk dövlətləri, daha sonra isə Avropa İttifaqı və dünya bazarları ilə əməkdaşlıq imkanlarını genişləndirmək mümkündür”, - deyə E.Abdullayev qeyd edib.

AzFina İdarə Heyətinin sədri vurğulayıb ki, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi ilə yanaşı, maliyyə təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Belə ki, fintex ekosisteminin böyüməsi çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərin də nəzərə alınmasını zəruri edir.

Onun sözlərinə görə, bu səbəbdən sektorun tamamilə sərbəst fəaliyyət göstərməsi yanaşması mümkün deyil. Əsas məqsəd maliyyə təhlükəsizliyi tələblərini qorumaqla yanaşı, tənzimləyici qurumla dialoq əsasında biznesin inkişafı üçün çevik və əlverişli mexanizmlər formalaşdırmaqdır.

E.Abdullayev Türk dövlətləri arasında maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərə də toxunub. O bildirib ki, 2024-cü ildə Türk dövlətləri arasında mərkəzi bankların əməkdaşlığı üçün platformanın yaradılması istiqamətində təməl qoyulub. Bu prosesin davamı olaraq “Türkfin” təşəbbüsü çərçivəsində Azərbaycan Fintex Assosiasiyası və Türkiyənin Ödəniş və Elektron Pul Təşkilatları Assosiasiyası (TÖDEB) digər Türk dövlətlərinin də iştirakı ilə ortaq əməkdaşlıq platformasının formalaşdırılması üzərində işləyir.

“Türkfin” təşəbbüsünün əsas məqsədi Türk dövlətləri arasında vahid əməkdaşlıq platforması yaratmaq, ödəniş imkanlarını genişləndirmək və tənzimləyici çərçivələrin uyğunlaşdırılmasına nail olmaqdır: "Buraya xüsusi tənzimləmə rejimləri çərçivəsində yaradılan məhsulların rəqəmsal identifikasiyası, eləcə də ödəniş xidmətləri göstərmək üçün verilən lisenziyaların qarşılıqlı tanınması imkanlarının araşdırılması daxildir.

İlkin mərhələdə Türk dövlətləri arasında lisenziyaların qarşılıqlı tanınması mexanizminin yaradılması fintex şirkətlərinin regional bazarlara çıxışını asanlaşdıra bilər. Bu, şirkətlərin fəaliyyət coğrafiyasının genişlənməsinə, xidmətlərin daha çox istifadəçiyə çatdırılmasına və maliyyə texnologiyaları sahəsində regional inteqrasiyanın güclənməsinə şərait yarada bilər".

E.Abdullayevin sözlərinə görə, gələcəkdə Azərbaycanda AMB-dən müvafiq lisenziya almış elektron pul təşkilatının müştərisinin Türkiyə və ya Özbəkistanda da eyni hesab vasitəsilə ödəniş xidmətlərindən istifadə edə bilməsi hədəflənir.

O qeyd edib ki, bu istiqamətdə ən mühüm perspektivlərdən biri Türk dövlətlərinin ani ödəniş sistemlərinin inteqrasiyasıdır. Belə bir mexanizm ölkələr arasında pul köçürmələrinin daha sürətli həyata keçirilməsinə, əməliyyat xərclərinin və komissiyaların azalmasına imkan verə bilər.

“Ümumi maliyyə ekosistemi baxımından ən böyük uğurlardan biri ani ödəniş sistemlərinin inteqrasiyası və Türk dövlətləri arasında əməliyyatların bu ortaq ekosistem vasitəsilə həyata keçirilməsi olardı. Bununla həm köçürmələrin sürətini artırmaq, həm də komissiyaları azaltmaq mümkündür”, - deyə o vurğulayıb.

AzFina rəhbəri əlavə edib ki, bu cür inteqrasiya layihələrinin həyata keçirilməsi zamanı ölkələrin iqtisadi suverenliyi və maliyyə təhlükəsizliyi də nəzərə alınmalıdır. Buna görə də ödəniş sistemlərinin əlaqələndirilməsi, transsərhəd əməliyyatların təşkili və müvafiq tənzimləmə mexanizmlərinin hazırlanması risk əsaslı yanaşma əsasında aparılmalıdır.

Onun sözlərinə görə, maliyyə təhlükəsizliyi ilə innovasiyaların inkişafı arasında düzgün tarazlığın yaradılması Türk dövlətləri arasında fintex əməkdaşlığının genişlənməsi və ortaq rəqəmsal maliyyə ekosisteminin formalaşması üçün əsas şərtlərdən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti