Bakı.Trend:
Azərbaycan və Kamboca iqtisadiyyatı qeyri-neft-qaz sektorlarında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda Azərbaycan nümayəndə heyətinin təmsilçisi Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan son illərdə infrastrukturunu əhəmiyyətli dərəcədə inkişaf etdirib, iqtisadiyyatını gücləndirib, beynəlxalq investorlar və biznes nümayəndələri üçün yeni imkanlar yaradıb.
“Azərbaycan hazırda Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, logistika və iqtisadi mərkəz kimi mövqeyini möhkəmləndirir. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft-qaz sektorlarının inkişafı istiqamətində fəal iş aparırıq. Hesab edirik ki, Kamboca və Azərbaycan bu sahələrdə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir”, - deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, biznes forumunda ticarət və ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm daxil olmaqla müxtəlif sahələri təmsil edən 80-ə yaxın Azərbaycan şirkəti iştirak edir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bank və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində fəaliyyət göstərən 12 Kamboca şirkətinin 16 nümayəndəsinin iştirakını da yüksək qiymətləndirir.
“Bu müxtəliflik nikbinlik yaradır, belə ki, iki ölkə arasında əməkdaşlıq imkanlarının bir və ya iki sahə ilə məhdudlaşmadığını göstərir”, - deyə o vurğulayıb.
Y.Abdullayev, həmçinin forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında anlaşma memorandumunun mübadiləsinin keçiriləcəyini bildirib.
“Bunu daha sıx institusional əlaqələrin qurulması istiqamətində mühüm addım hesab edirik. Ümid edirəm ki, forum konkret layihələrin həyata keçirilməsi və iki ölkə arasında uzunmüddətli işgüzar tərəfdaşlıqların inkişafı üçün başlanğıc nöqtəsi olacaq”, - deyə o bildirib.
