Bakı. Trend:
Bakıda vahid məktəbli geyimi qaydalarının tətbiqinə maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb.
Bəs həmin maddə hansı əməllərə görə məsuliyyət nəzərdə tutur və təqsirli bilinən şəxslərə hansı cəzalar tətbiq oluna bilər?
Vəkil Babək Həmidov Trend-ə açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 233-cü maddəsi ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə məsuliyyət müəyyən edir.
“Maddənin mahiyyəti ictimai qaydanı kobud şəkildə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar nəqliyyatın, müəssisənin, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etməkdən, yaxud təşkil edilmiş bu cür hərəkətlərdə fəal iştirakdan ibarətdir. Bu qadağa yalnız Azərbaycan vətəndaşlarına deyil, ölkə ərazisində olan hər kəsə şamil edilir”, – deyə vəkil qeyd edib.
B.Həmidovun sözlərinə görə, təhsil müəssisəsinin qarşısında onun normal fəaliyyətinə və digər uşaqların təhsil almasına ciddi maneə yaradan, ictimai qaydanı pozan hərəkətlərin təşkili və ya bu hərəkətlərdə fəal iştirak həmin maddənin tərkib əlamətlərini yarada bilər.
Vəkil bildirib ki, şəxslər məhkəmə tərəfindən təqsirli bilinərsə, onlara maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan biri tətbiq oluna bilər:
“Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə beş min manatdan səkkiz min manatadək cərimə, iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş əməlin xarakterini, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatları, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq bu cəzalardan birini təyin edə bilər”.
B.Həmidov əlavə edib ki, sözügedən maddə ilə nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aiddir.
“İstintaq aidiyyəti istintaq qurumu tərəfindən aparılır. Daha sonra məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq şəxsin barəsində hökm qəbul edir”, – deyə vəkil vurğulayıb.

