Bakı. Trend:
Vahid məktəbli forması şagirdlər arasında geyimə görə fərqlənməni azaltmağa, diqqəti dərslərə yönəltməyə və intizamı gücləndirməyə xidmət edir.
Bunu Trend-ə açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli deyib.
Onun sözlərinə görə, təhsil haqqında qanunvericiliyə əsasən, dövlət məktəbləri dünyəvi xarakter daşıyır:
“Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş vahid geyim standartları müxtəlif nəticələrin əldə olunmasına hədəflənib. Vahid geyim mühitində subyektiv yanaşmaların, fikir ayrılıqlarının, eləcə də məktəb daxilində fərqli sosial və ideoloji simvolların qabardılmasının qarşısının alınması nəzərdə tutulub. Bununla da təlim-tərbiyə ocağının kənardan gətirilən təsirlərdən uzaqlaşaraq sırf elmi və tədris yönümlü məkana çevrilməsi hədəflənir”.
A.Hacıqədirli bildirib ki, şagirdin geyimi onun məktəb daxilindəki davranışına mühüm təsir göstərir:
“Pedaqoji psixologiya sahəsində hər zaman vurğulanır ki, geyim davranışa və psixoloji köklənməyə birbaşa təsir edən amillərdəndir. Şagirdin geyimi onun məktəb daxilindəki davranışına çox mühüm təsir göstərir. Əvvəla, məktəbdəki geyimlə kənardakı geyim arasında sərhəd qoyulur. Şagird məktəb, müəllimlər, cəmiyyət və valideynləri qarşısındakı məsuliyyətini dərk edərək özünü dərslərə daha yaxşı kökləyir. Digər tərəfdən, tədris prosesində uşaqların diqqəti bir-birinin geyindiyi brendlərdən və xarici görünüşdən yayınaraq tamamilə dərslərə yönəlir. Bu qaydaların tətbiqi şagirdlərimizin davranışına, intizamına və məsuliyyətinə mühüm müsbət təsir göstərəcək”.
Dosent əlavə edib ki, vahid məktəbli formasının sosial üstünlükləri də var:
“Məktəblərə müxtəlif maddi imkanlara malik ailələrin övladları gəlir və bəzən onlar arasında geyimlərini, var-dövlətlərini sərgiləmək yarışı gedir. Vahid geyimin tətbiqi şagirdlər arasındakı bu maddi yarışı və psixoloji təzyiqi minimuma endirəcək. Şagirdlər geyimlərinə görə fərqlənmədikdə bu gərginlik də aradan qalxır. Bu baxımdan vahid geyimin tətbiqini vacib hesab edirəm”.
A.Hacıqədirli vurğulayıb ki, bu prosesdə sinif rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür:
“Bu prosesdə yalnız rəhbərliyin deyil, eyni zamanda sinif rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar valideynlərlə dialoqda olmalı, maarifləndirici görüşlər keçirməli və bu qaydaların tətbiqinin mahiyyətini düzgün izah etməlidirlər. Valideynlər bu fikri mənimsədikdən sonra onu öz ailələrində rahatlıqla tətbiq edəcəklər. Güc və ya məcburiyyət tətbiq etməklə müsbət nəticə əldə etmək mümkün deyil. Uğurlu nəticə yalnız qarşılıqlı dialoq, danışıqlar və maarifləndirmə işinin artırılması sayəsində mümkün olacaq”.
