Bakı.Trend:
Azərbaycan Xəzər dənizindən beynəlxalq bazarlara enerji resurslarının ixracını təmin edən kritik əhəmiyyətli neft-qaz infrastrukturuna yatırımlar sayəsində bir addım öndədir.
Bu barədə "Wood Mackenzie" şirkətinin analitik icmalında qeyd olunub.
“Azərbaycanın qlobal miqyasda iri neft və qaz istehsalçısı olması ilə yanaşı, xüsusi mühüm əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, ölkə açıq okeana çıxışı olmayan Xəzər dənizindən neft və qaz ixracı üçün kritik əhəmiyyətli infrastruktura yatırımlar etməklə qabaqlayıcı addımlar atır. Bir əsrdən çox tarixə malik karbohidrogen hasilatı sənayesi BP şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” nəhəng dəniz yataqlarını işlənməyə başlaması ilə cari minilliyin əvvəlində qlobal əhəmiyyət qazanıb”, – deyə beynəlxalq konsaltinq və tədqiqat şirkətinin təhlilində bildirilir.
"Wood Mackenzie" şirkətinin qiymətləndirmələrinə görə, AÇG və “Şahdəniz” yataqlarının işlənməsi Azərbaycanda ümumi karbohidrogen hasilatının 2010-cu ilədək gündə 1,2 milyon barel neft ekvivalentinə çatmasına imkan verib. Bu zaman ümumi hasilatın 80 faizini neft təşkil edib. Həmin vaxtdan etibarən hasilat ümumilikdə sabit qalıb. Şirkətin proqnozlarına görə, xüsusilə "TotalEnergies" şirkətinin “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi hesabına bu səviyyə 2030-cu illərin sonunadək qorunacaq. Layihə üzrə yekun investisiya qərarı ötən ay qəbul edilib.
“2026-cı ildə artımın əsas hərəkətverici qüvvəsi qaz olub və onun ümumi hasilatda payı təxminən 60 faizə çatıb”, – deyə təhlildə qeyd olunur.
"Wood Mackenzie" analitikləri, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə karbohidrogen hasilatı üzrə bütün layihələrdə əsas investorlarından biri olduğunu vurğulayırlar.
“Hökumət həm dənizdə, həm də quruda həyata keçirilən layihələrə əlavə investisiyalar cəlb etməyə çalışır. Xüsusilə, "ExxonMobil" potensialı hələ təsdiqlənməmiş böyük şist yatağının kəşfiyyatı üçün lisenziya alıb.Azərbaycanın neft emalı gücləri əsasən daxili yanacaq tələbatının ödənilməsinə yönəlib. İri ixrac boru kəmərlərinin tikintisi Cənub Qaz Dəhlizinin formalaşmasına və Azərbaycan enerji resurslarının Xəzər regionundan kənardakı daha geniş bazarlara çıxarılmasına imkan verib.
"2005-ci ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin gündəlik ötürücülük qabiliyyəti 1,2 milyon bareldir. Kəmər əsasən Azərbaycan neftini Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəql edir. Xəzər dənizi vasitəsilə Türkmənistan və Qazaxıstandan nəql olunan əlavə neft həcmləri nəzərə alınsa belə, BTC kəmərinin ötürücülük gücündən istifadə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olaraq qalır.
2018-ci ildə istismara verilən TANAP və 2020-ci ildə fəaliyyətə başlayan TAP qaz kəmərləri Azərbaycan qazının Gürcüstan və Türkiyə ərazisindən nəqlini, daha sonra isə Yunanıstan və İtaliya vasitəsilə Avropanın qaz nəqli şəbəkəsinə çatdırılmasını təmin edir”, – deyə təhlildə bildirilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə qaz kondensatı da daxil olmaqla, 17,692 milyon ton xam neft hasil edilib. Ümumi hasilatın 17,648 milyon tonu əmtəəlik neftin payına düşüb.
Dövlət Gömrük Komitəsinin son hesabatına əsasən, Azərbaycan 2026-cı ilin səkkiz ayında 9,282 milyard dollar dəyərində 14,678 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 33,4 milyard kubmetr təbii qaz hasil olunub. Həmin dövrdə qaz halında təbii qaz ixracı 16,37 milyard kubmetr, ixracın dəyəri isə 5,7 milyard dollar təşkil edib.
