Ailə institutunun cəmiyyətə töhfəsinin artırılması müzakirə olunub (FOTO)

Cəmiyyət Xəbər 9 Oktyabr 2026 12:01 (UTC +04:00)
Ailə institutunun cəmiyyətə töhfəsinin artırılması müzakirə olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ailədə milli-mənəvi dəyərlərin formalaşdırılması, ailə institutunun cəmiyyətə töhfəsinin artırılması, uşaqların tərbiyəsində valideynlərin rolu və rəqəmsal platformaların gənc nəslin formalaşmasına təsiri müzakirə olunub.

Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bu məsələlər Bakıda keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” mövzusunda panel müzakirədə müzakirə olunub.

Paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, hər bir insanın dəyərləri ailədə formalaşır, daha sonra məktəb mərhələsi başlayır.

O qeyd edib ki, ailə siyasətindən danışarkən yeni model ortaya qoyulmalıdır. Ailə strategiyası olan, potensialını ortaya qoyan və cəmiyyətə töhfə verən institut olmalıdır.

“Dəyərlərin sağlam tutulması üçün davamlı iş görülməlidir”, – deyə A.Sofiyeva vurğulayıb.

Onun sözlərinə görə, indiyədək dəyərlərlə bağlı 28 təhlil aparılıb. Yekunda “təhlillərin təhlili” adlı sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Hazırda isə “Ailə Konsepsiyası” adlı sənədin hazırlanması yekunlaşdırılmaq üzrədir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov isə ailənin cəmiyyətin təməli olduğunu bildirib.

O qeyd edib ki, uşaqlar əxlaqi dəyərlərlə bağlı ilk məlumatları ailədən alırlar və dəyərləri canlı davranış modellərindən öyrənirlər.

A.Şirinovun sözlərinə görə, klassik ailə modeli ilə müasir ailə modeli arasında fərqlər var. Əvvəllər ailədə nənə, baba və digər şəxslər də iştirak etdiyi halda, hazırda ata, ana və uşaqdan ibarət nüvə ailə modeli geniş yayılıb. Bu isə uşağın tərbiyəsində iştirak edən insanların sayının azalması deməkdir.

“Bizim əxlaqi dəyərlərlə bağlı ilk məlumat mənbəyimiz ailədir. Uşaq dəyərləri canlı davranış modellərindən öyrənir”, – deyə o bildirib.

İlahiyyat İnstitutunun rektoru əlavə edib ki, aparılan araşdırmalar çox mühafizəkar ailələrdə olduqca müasir düşüncəli uşaqların da yetişdiyini göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev isə rəqəmsal platformaların həm müsbət, həm də mənfi tərəflərinin olduğunu deyib.

O bildirib ki, rəqəmsal platformalar məlumat əldə etməyi asanlaşdırır və daha əlçatandır, lakin eyni zamanda zərərli meyillərin yayılmasına da şərait yaradır.

E.Mustafayevin sözlərinə görə, gənc ailələr bəzən işlərini asanlaşdırmaq məqsədilə uşaqlara telefon verirlər. Lakin bu yanaşma düzgün deyil və uşaqlarla ünsiyyətə xüsusi diqqət yetirilməlidir.

Panel müzakirə gənclər və idman nazirinin müavini İndira Hacıyevanın moderatorluğu ilə davam edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti