Türkmənbaşı. Trend:
Özbəkistan 2027-ci ildə ilk Mərkəzi Asiya - Azərbaycan biznes forumunun keçirilməsini təklif edir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
“Praktiki olaraq, tarixi, iqtisadi və nəqliyyat əlaqələrinə malik vahid əməkdaşlıq məkanı formalaşdıra bilərik. Bu gün həmin əlaqələri daha da möhkəmləndirmək və konkret məzmunla zənginləşdirmək imkanı yaranır. Söhbət ölkələrimizin ticarət, nəqliyyat, energetika, sənaye və yeni texnologiyaları birgə inkişaf etdirə biləcəyi böyük məkandan gedir. Regional dialoqumuzun təməlini təşkil edən əsasları möhkəmləndirməliyik”, - deyə o qeyd edib.
Mirziyoyev Mərkəzi Asiya ölkələri və Azərbaycanın dövlət başçılarının Məşvərət görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işi davam etdirməyi təklif edib.
“Bununla belə, sənədlərin sayının çoxluğu öz-özlüyündə heç nəyi həll etmir. Daha vacibi artıq qəbul edilmiş qərarların icra olunması və onları qəbul etməyimizə səbəb olan nəticəni verməsidir”, - deyə o bildirib.
Özbəkistan Prezidenti hesab edir ki, iqtisadi əməkdaşlıq yeni səviyyəyə yüksəlməlidir.
“Biz artıq qarşılıqlı ticarətin və investisiyaların artırılması ilə bağlı ciddi hədəflər müəyyən etmişik. İndi bu artımın nəyin hesabına təmin olunacağını müəyyənləşdirmək lazımdır. İlk növbədə, söhbət birgə sənaye-texnologiya zəncirlərindən, ümumi rəqəmsal xidmətlərdən və iri layihələrin daha sürətli işə salınmasına imkan verəcək investisiya mexanizmlərindən gedir. Burada 2035-ci ilədək ticarət-iqtisadi qarşılıqlı fəaliyyət üzrə hərtərəfli regional proqram mühüm rol oynayır. Bu proqram regionun əsas üstünlüyündən - ümumi coğrafiyamızdan səmərəli istifadə etməyə imkan verəcək işçi alətə çevrilməlidir. Bunun üçün ticarət qarşısındakı maneələri ardıcıl şəkildə aradan qaldırmaq, sənaye kooperasiyasını genişləndirmək və iri birgə layihələrə başlamaq lazımdır.
Biz artıq elə bir mərhələyə gəlib çatmışıq ki, bir-birimizlə adi ticarət aparmaq kifayət etmir. Son məhsulu birlikdə yaratmalıyıq. “Altı iqtisadiyyat - bir məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədi yaxşı ifadə edir. Bir neçə ölkənin müəssisələri vahid istehsal zəncirində iştirak etdikdə və məhsul birgə yaradıldıqda, iqtisadiyyatlarımız arasında tamamilə fərqli əlaqələr formalaşır. Bu əlaqələr adi əmtəə mübadiləsindən daha möhkəm olur.
Bu işin inkişafı üçün 2027-ci ildə ilk Mərkəzi Asiya - Azərbaycan biznes forumunun keçirilməsini təklif edirik. Eyni zamanda, birgə investisiya layihələrinin maliyyə-texniki müşayiəti üzrə xüsusi platformanın yaradılmasını vacib hesab edirəm. İri ideyaların həyata keçirilməsi üçün çox vaxt yalnız investisiya deyil, həm də ciddi hazırlıq, ekspertiza, aydın maliyyə alətləri və müşayiət tələb olunur. Bu məsələni Aşqabadda keçiriləcək növbəti iclasda ətraflı nəzərdən keçirməyi Ticarət və İnvestisiyalar Nazirləri Şurasına tapşırmağı təklif edirik”, - deyə o qeyd edib.
Daha sonra Mirziyoyev region ölkələrini müasir nəqliyyat və logistika şəbəkəsi ilə əlaqələndirməyin zəruriliyini bildirib.
“Biz qlobal ticarətin əsas quru marşrutlarından birinə və eyni zamanda iqtisadi fəallığın iri mərkəzinə çevrilə bilərik. Lakin bunun üçün sadəcə yollar və dəmir yolu xətləri çəkmək kifayət deyil. Nəqliyyat infrastrukturunun inkişafına dair ümumi yanaşma lazımdır. İri layihələr marşrutların bir-birini tamamlaması və vahid sistem kimi fəaliyyət göstərməsi üçün əlaqələndirilməlidir. Yeni nəqliyyat dəhlizləri boyunca istehsal müəssisələri, logistika xidmət obyektləri və sənaye zonaları yaradılmalıdır. Belə olduqda nəqliyyat marşrutu öz ətrafında iqtisadiyyat formalaşdıracaq və ərazisindən keçdiyi hər bir dövlət üçün daha böyük fayda gətirəcək”, - deyə o qeyd edib.
