Bakı. Trend:
Azərbaycan və İspaniya arasında ticarət və sərmayələrin təşviqi, habelə “Strateji İqtisadi Dialoq” çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu, 6-7
oktyabr tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini Elnur Məmmədov İspaniya Krallığına səfəri zamanı baş
tutub.
Səfər zamanı paytaxt Madrid şəhərində Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi və İspaniya Krallığının Xarici İşlər, Avropa
İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin
5-ci raundu keçirilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur
Məmmədov, İspaniya tərəfindən isə xarici işlər və qlobal məsələlər
üzrə dövlət katibi Dieqo Belio başçılıq edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi,
energetika, o cümlədən yaşıl enerji, mədəniyyət, təhsil, turizm,
nəqliyyat-logistika və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti
və inkişaf perspektivləri geniş müzakirə olunub. Bu çərçivədə,
ticarət və sərmayələrin təşviqi, habelə “Strateji İqtisadi Dialoq”
çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi
aparılıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin
davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin humanitar
minatəmizləmə sahəsində təcrübə mübadiləsi və praktiki əməkdaşlıq
imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İspaniya Hökuməti
Prezidentinin (Baş nazirin) Ofisində Xarici İşlər Departamentinin
direktoru Pilar Sançez-Bella Solis ilə görüşüb.
Nazir Elnur Məmmədov həmçinin İspaniya Senatının vitse-prezidenti
Xavyer Maroto ilə görüşüb. Tərəflər parlament diplomatiyasının
təşviqi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası
münasibətlərin rolunu vurğulayıblar.
Bundan əlavə, nazir müavini Elnur Məmmədov İspaniya Diplomatik
Məktəbində müəllim və tələbə heyəti üçün “Azərbaycanın xarici
siyasəti” mövzusunda təqdimatla çıxış edib.
Səfər zamanı xarici işlər nazirinin müavini tərəfindən İspaniyanın
aparıcı kütləvi informasiya vasitələrinə iki ölkə arasında
ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək əməkdaşlıq
imkanları barədə müsahibələr verilib.
