Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə 125 245 elektron bildiriş və 115 370 elektron qəbz formalaşdırılıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Hesabat dövründə “e-rüsum” informasiya sistemi vasitəsilə ödənilən dövlət rüsumlarının ümumi məbləği 52,662 milyon manat təşkil edib. Beləliklə, sistem üzərindən həm dövlət rüsumlarının hesablanması və ödənilməsi, həm də bu ödənişlərə dair elektron sənədlərin formalaşdırılması həyata keçirilib.
“E-rüsum” hazırda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemlərindən biridir. Prezident İlham Əliyevin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, Rəqəmsal dövlət maliyyəsi informasiya sistemi dövlət maliyyəsinin idarə olunması ilə bağlı müxtəlif istiqamətləri əhatə edir. Sistemin tərkibinə “e-rüsum”la yanaşı, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və digər altsistemlər daxildir.
Rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin əsas məqsədlərindən biri Maliyyə Nazirliyinin fəaliyyətinin və digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyinin, səmərəliliyinin və şəffaflığının artırılmasıdır. Sistem həmçinin dövlət maliyyəsi üzrə məlumatların sistemləşdirilməsinə, onların əlçatanlığının artırılmasına, analitik təhlillərin aparılmasına, proqnoz və hesabatların hazırlanmasına imkan yaradır.
“E-rüsum” altsistemi vasitəsilə elektron bildirişlərin təqdim edilməsi, hesablanmış dövlət rüsumları barədə məlumatların real vaxt rejimində əldə olunması və artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə edilməsi mümkündür. Bununla yanaşı, dövlət rüsumlarının büdcəyə köçürülməsinə elektron nəzarətin və uçotun aparılması da sistemin əsas funksiyalarına daxildir.
“E-rüsum”un hüquqi bazasının formalaşdırılması istiqamətində mühüm addım 2025-ci ildə atılıb. Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli fərmanı ilə “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin yaradılması qərara alınıb. Həmin fərmanla Nazirlər Kabinetinə sistemin əsasnaməsini, “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarını təsdiq etmək tapşırılıb. Sənəddə həmçinin Hökumət Ödəniş Portalının “e-rüsum” sisteminə inteqrasiyası ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.
2025-ci il iyunun 1-dən dövlət rüsumlarının ödənilməsi ilə bağlı yeni elektron mexanizmin tətbiqinə başlanılıb. Həmin tarixdən bir sıra dövlət rüsumlarının sistem vasitəsilə təqdim olunan elektron bildiriş əsasında emalı və ödənilməsi nəzərdə tutulub.
2026-cı ilin əvvəlində isə “e-rüsum”un statusunda dəyişiklik edilib. Prezidentin 26 yanvar tarixli fərmanı ilə təsdiqlənən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamədə “e-rüsum” ayrıca informasiya sistemi deyil, RDMİS-in altsistemlərindən biri kimi müəyyənləşdirilib. Daha sonra 2 mart 2026-cı il tarixli fərmanla “Dövlət rüsumu haqqında” qanunun tətbiqi ilə bağlı sənədlərdə də “e-rüsum”un Rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin altsistemi kimi göstərilməsi rəsmiləşdirilib.
Maliyyə Nazirliyinin məlumatına görə, “e-rüsum”un tətbiqi dövlət rüsumlarının hesablanması və ödənilməsi proseslərinin vahid elektron mühitdə həyata keçirilməsinə, məlumatların real vaxt rejimində əldə edilməsinə və büdcə daxilolmalarına nəzarətin gücləndirilməsinə imkan verir.
Yeni rəqəmsal mexanizmin tətbiqi dövlət maliyyəsinin idarə edilməsində elektron xidmətlərin genişləndirilməsi və məlumatların daha sistemli şəkildə idarə olunması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
