İƏTPİ-də sədrliyimiz İslam dünyasında həmrəyliyi gücləndirməyə sadiqliyimizi əks etdirir - Sahibə Qafarova

Siyasət Press-reliz 6 Oktyabr 2026 10:46 (UTC +04:00)
İƏTPİ-də sədrliyimiz İslam dünyasında həmrəyliyi gücləndirməyə sadiqliyimizi əks etdirir - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına (İƏTPİ) sədrliyi İslam dünyasında həmrəyliyin və sıx əlaqələrin gücləndirilməsinə sadiqliyini əks etdirir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova İƏTPİ-nin koordinasiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, İƏTPİ Konfransının 20-ci sessiyası bu ilin iyununda Bakıda uğurla keçirilib və Azərbaycan parlamenti təşkilata sədrliyi qəbul edib.

Sahibə Qafarova qeyd edib ki, İƏTPİ müxtəlif milli təcrübə və perspektivlərə malik parlamentləri bir araya gətirir və təşkilata üzv parlamentlər dialoqa, həmrəyliyə və parlamentlərarası əməkdaşlığa sadiqdirlər.

Milli Məclisin sədri Azərbaycanın İƏTPİ sədrliyini qəbul edərkən sülh, ədalət, həmrəylik, tolerantlıq və insan ləyaqətini, eləcə də dayanıqlı və inklüziv inkişafı əsas götürdüyünü vurğulayıb.

Onun sözlərinə görə, təcrübə göstərir ki, müxtəlif regionlardan olan və fərqli mövqelərə malik ölkələr məsləhətləşmə, qarşılıqlı hörmət və ortaq maraqlara diqqət yetirməklə birlikdə işləyə bilərlər.

Sahibə Qafarova regional perspektivlərin daha geniş beynəlxalq parlament dialoqunda daha güclü yer tutmalı olduğunu bildirib.

O, həmçinin ötən ay Nyu-Yorka səfəri zamanı BMT yanında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin daimi nümayəndələri ilə görüşdüyünü və həmin görüşdə ölkələrin prioritet və perspektivlərinin beynəlxalq qərar qəbuletmə prosesində daha yaxşı əks olunmasının müzakirə edildiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri İslam dünyasının böyük insan, mədəni və iqtisadi potensiala malik olduğunu qeyd edib. O bildirib ki, İslam dünyasının bir sıra cəmiyyətləri münaqişə, məcburi köçkünlük, yoxsulluq, iqlim təzyiqləri, terrorizm, ekstremizm və islamofobiya kimi problemlərlə üzləşir.

Sahibə Qafarovanın fikrincə, bu çağırışlar daha güclü praktiki əməkdaşlıq tələb edir. O vurğulayıb ki, parlamentlərin perspektivləri beynəlxalq institutlarda yalnız təmsil olunmamalı, həm də prioritetlərin və qərarların formalaşdırılmasına əsaslı töhfə verməlidir.

Qeyd edək ki, tədbirdə çıxış edən İƏTPİ-yə üzv ölkələrin parlament sədrləri və nümayəndələri Milli Məclisin sədrliyi ilə təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti