Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı və regiondakı ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin iştirakı ilə bayram tədbiri keçirilib. İştirakçılar əvvəlcə Xaçmaz şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzinin foyesində şagirdlərin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsilin inkişafı və bu sahəyə göstərilən dövlət qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müəllimləri bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil strategiyasının bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının və Birinci vitse-prezidentin təhsilin inkişafına, müəllim əməyinin stimullaşdırılmasına göstərdikləri yüksək diqqət və qayğını xüsusi qeyd edib. Rayon rəhbəri pedaqoqlara ölkəmizin tərəqqisi naminə əməklərində yeni-yeni nailiyyətlər arzulayıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxışında pedaqoqların fəaliyyətindən və əldə olunan nailiyyətlərdən bəhs edib. Regional idarə üzrə təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artması və respublika miqyaslı müsabiqələrdə qazanılan uğurlar vurğulanıb.
Şəhid anası, təhsil işçisi Bibixanım Mirzəmmədova şəhid ailələrinə və qazilərə, eləcə də təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təhsil sahəsində çalışan və təqaüddə olan şəhid analarına gül dəstələri təqdim edib.
Bayram tədbiri Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı geniş konsert proqramı ilə davam edib. Səsləndirilən vətənpərvərlik mövzusunda mahnılar və nümayiş etdirilən rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
