Dərslər başlayıb - kirayə mənzil bazarında qiymətlər necə dəyişib?

İqtisadiyyat Xəbər 5 Oktyabr 2026 16:00 (UTC +04:00)
Dərslər başlayıb - kirayə mənzil bazarında qiymətlər necə dəyişib?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilinin başlaması ilə tələbələrin kirayə mənzil axtarışı da gündəmə gəlib. Hazırda Bakıda kirayə mənzil bazarında qiymətlər necə dəyişir və paytaxtın hansı rayonlarında kirayə mənzillər daha əlçatandır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Trend-ə açıqlamasında deyib ki, avqust və sentyabr aylarında kirayə mənzil bazarında müraciətlərin artması ənənəvi olaraq qiymətlərin yüksəlməsinə səbəb olur. Lakin bu il əvvəlki illərdən fərqli vəziyyət yaranıb.

Onun sözlərinə görə, ötən illərdə oktyabrın əvvəllərində müraciətlərin sayı azalır, bir müddət sonra bazara yeni təkliflər daxil olurdu. Təkliflərin artması isə qiymətlərin sabit qalmasına şərait yaradırdı.

“Hazırda təkliflərin sayında xüsusi artım hiss olunmur. Kirayə mənzil bazarına müraciətlər davam edir. Bu onu göstərir ki, ölkəmizin kirayə mənzil bazarı mövsümi təsirlərə məruz qalsa da, davamlı artımın və müraciətlərin olduğu bazara çevrilir”, – deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, mövcud vəziyyət kirayə qiymətlərinin son iki ayla müqayisədə az da olsa artacağını proqnozlaşdırmağa imkan verir.

O bildirib ki, bazarda təkliflərin məhdudluğu yüksək qiymətlərin qorunmasına, orta qiymətlərin artmasına, ucuz mənzillərin isə qısa müddətdə kirayəyə verilməsinə səbəb olur.

V.Orucun sözlərinə görə, universitetlərin, metro stansiyalarının və iş mərkəzlərinin yerləşdiyi, nəqliyyat əlçatanlığının yüksək olduğu, infrastrukturu inkişaf etmiş ərazilərdə qiymət artımı daha çox hiss olunur.

“Rayonlar üzrə Səbail, Nəsimi, Yasamal, Xətai və Nərimanovda qiymət artımı daha yüksəkdir. Binəqədi, Sabunçu və Suraxanıda orta, Qaradağ, Pirallahı və Xəzər rayonlarında isə aşağı artım səviyyəsi müşahidə olunur”, – deyə o vurğulayıb.

V.Oruc qeyd edib ki, şəhər mərkəzindən uzaqlaşdıqca metro stansiyaları ətrafında kirayə qiymətlərinin artım tempi azalır. Bununla belə, metronun təmin etdiyi nəqliyyat əlçatanlığı həmin ərazilərdə qiymət artımının davam etməsinə təsir göstərir.

Onun sözlərinə görə, “Nizami” və “28 May” istisna olmaqla, digər metro stansiyalarının yaxınlığında kirayə mənzillərə üstünlük verilir. Bu ərazilərdə qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 12–15 faiz artıb.

V.Oruc “Nizami” və “28 May” stansiyalarının bağlı olduğunu bildirərək, onların ətrafında qiymət artımının digər stansiyalarla müqayisədə təxminən 50 faiz aşağı olduğunu deyib. O, bunu qarşıdakı 10–11 ay ərzində həmin ərazilərdə nəqliyyat əlçatanlığının məhdudlaşması ilə əlaqələndirib.

AQC sədri əlavə edib ki, kirayə mənzillər ucqar ərazilərdə və köhnə binalarda daha ucuzdur. Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Pirallahı və Xəzər rayonlarında qiymətlər digər rayonlarla müqayisədə daha əlçatandır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti