Bakı. Trend:
Azərbaycan və İsveç arasında "yaşıl" keçid və innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib.
Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, agentliyin direktor müavini Fəqan Abdurəhmanov İsveç İnstitutunun (Swedish Institute) təşkilatçılığı ilə Stokholmda keçirilən “Impact Pioneers ’26 EUROPE” proqramının İsveç həftəsində iştirak edib.
27 sentyabr–3 oktyabr tarixlərini əhatə edən və “Dayanıqlı gələcək üçün sahibkarlıq və innovasiya” mövzusuna həsr olunan proqram Şərqi Avropa, Baltik regionu və İsveçdən 10 ölkəni təmsil edən 50-yə yaxın dövlət və özəl sektor, innovasiya və vətəndaş cəmiyyəti nümayəndəsini bir araya gətirib.
Azərbaycan proqramda yeddi nümayəndə ilə təmsil olunub. Azərbaycanı təmsil edən iştirakçılar Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Təmiz Şəhər” ASC, SABAH.HUB, “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi və “Caucasian Research” təşkilatlarında fəaliyyət göstərirlər.
Proqram çərçivəsində bərpa olunan enerji, dayanıqlı şəhər infrastrukturu, yaşıl innovasiyaların maliyyələşdirilməsi, dövlət-özəl sektor əməkdaşlığı, innovativ satınalma, sosial təsirin ölçülməsi və yeni həllərin tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb.
İsveç həftəsi ərzində "Norrsken House", KTH və "KTH Innovation"da görüşlər keçirilib. "Epicenter Stockholm"da təşkil olunan “Ecosystem Exchange” tədbirində iştirakçılar İsveçin dövlət qurumları, universitetləri, innovasiya təşkilatları və özəl sektor nümayəndələri ilə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Proqram çərçivəsində Stokholmun dayanıqlı şəhər inkişafı təcrübəsi də öyrənilib. İştirakçılar "Norra Djurgårdsstaden" şəhərsalma layihəsi, "Hammarby Sjöstad"da tətbiq olunan inteqrasiya edilmiş enerji, su və tullantı idarəetmə sistemi, həmçinin aşağı karbonlu taxta tikinti konsepsiyası əsasında yaradılan "Sickla Wood City" layihəsi ilə tanış olublar.
Stokholm Şəhər Mədəniyyət Mərkəzində keçirilən “Re:think Cities – International Forum” çərçivəsində dayanıqlı və inklüziv şəhərlərin inkişafı, ictimai nəqliyyat, rəqəmsal və innovativ həllər, şəhərlərin yeni texnologiyalar üçün sınaq mühiti kimi rolu və beynəlxalq tərəfdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanovla da görüşüb. Görüşdə Azərbaycanda "yaşıl" keçid və innovasiya sahəsində həyata keçirilən təşəbbüslər, İsveç təcrübəsindən istifadə imkanları və iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Proqramda iştirak bərpa olunan enerji və "yaşıl" keçid sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və qabaqcıl yanaşmaların Azərbaycanda tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olub.
