Bakı
Məhkəmədə “İşıqlı Ermənistan” Partiyasının lideri Edmon Marukyanın vəkili Hayk Arutyunyan Nikol Paşinyanın məhkəmə iclasına gəlməsi barədə vəsatət qaldırıb. Hakim vəkilin vəsatətini təmin edib.
Bu barədə "News.Am" məlumat yayıb.
Nikol Paşinyanı məhkəmədə vəkili David Avakyan təmsil edir. Paşinyanın Marukyana qarşı təhqir və böhtan iddiası üzrə növbəti məhkəmə iclası dekabrın 14-də keçiriləcək.
Qeyd edək ki, noyabrın 23-də hakim Anna Şilacyanın sədrliyi ilə İrəvan şəhərinin ümumi yurisdiksiyalı Birinci instansiya Mülki Məhkəməsində Nikol Paşinyanın Edmon Marukyana qarşı təhqir və böhtan iddiasına baxılmasına başlanılıb.
Xatırladaq ki, Nikol Paşinyan iyulun 9-da Edmon Marukyana qarşı İrəvan Mülki Məhkəməsinə iddia ərizəsi təqdim edib.
İddianın irəli sürülməsinə səbəb Marukyanın iyunun 9-da “Facebook” səhifəsində paylaşdığı videoyazı olub. Həmin videoda o, seçkilərlə bağlı açıqlamalar verərək Paşinyanı “adi, xırda seçki saxtakarı” adlandırıb.
Paşinyan Marukyanın ictimai şəkildə üzr istəməsini, yaydığı məlumatları təkzib etməsini, həmçinin ümumilikdə 6 milyon dram (təxminən 16 640 dollar) məbləğində kompensasiya ödəməsini tələb edir.
