Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) enerji saxlama sahəsində yeni texnologiyaların tətbiqi və ölkənin enerji sisteminin dayanıqlılığının artırılması imkanlarını nəzərdən keçirir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
Onun sözlərinə görə, mövcud elektrik şəbəkələri dəyişkən istehsal gücünə malik bərpaolunan enerji mənbələrindən qeyri-məhdud həcmdə enerji qəbul etmək imkanına malik deyil. Buna görə də elektrik şəbəkələrinin modernləşdirilməsinə ehtiyac var.
"Bu baxımdan natrium-ion və vanadium əsaslı akkumulyator batareyaları kimi texnologiyalar nəzərdən keçirilir. Enerji saxlama sistemləri bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinə inteqrasiyasının təmin edilməsində mühüm rol oynayır", - deyə o bildirib.
O, həmçinin Çində natrium-ion batareyalarının inkişafına diqqət çəkərək, natriumun geniş yayılması sayəsində bu texnologiyanın daha əlçatan ola biləcəyini və litium batareyaları ilə müqayisədə ətraf mühitə daha az təsir göstərə biləcəyini qeyd edib.
SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, şirkət Azərbaycan Enerji Tənzimləyici Agentliyi (AREA), Azərbaycanın Energetika Nazirliyi və "Azərenerji" ASC ilə birlikdə bu cür texnologiyaların milli enerji sisteminə inteqrasiyası imkanlarını araşdırır.
Bundan əlavə, A.İsayev şəbəkə formalaşdırma funksiyasına malik invertorların (grid-forming inverters) perspektivlərinə diqqət çəkib. Onun sözlərinə görə, bu invertorlar əlavə çeviklik təmin edir və elektrik şəbəkəsinin dayanıqlılığının artırılmasına töhfə verir.
O, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yaradılan sənaye parklarında, xüsusilə ümumi elektrik şəbəkəsinə qoşulmaqda çətinliklərin olduğu ərazilərdə mikroşəbəkələrin tətbiqi imkanlarından danışıb.
A.İsayevin sözlərinə görə, mikroşəbəkələr sənaye zonalarının və yaşayış məntəqələrinin enerji müstəqilliyini təmin etməklə enerji infrastrukturunun inkişafında növbəti mərhələ ola bilər.
