Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) yaradılacaq hava limanının tikintisinin 2027-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə hava limanının illik yükdaşıma qabiliyyəti 500 min ton olacaq, sonrakı mərhələlərdə isə bu göstəricinin 2 milyon tona yaxınlaşdırılması planlaşdırılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.
O bildirib ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd onu təkcə qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən azad iqtisadi zonalarla müqayisədə investorlar üçün daha cəlbedici məkana çevirməkdir.
Onun sözlərinə görə, ƏAİZ-in əsas üstünlüklərindən biri əlverişli coğrafi mövqeyidir. Zona Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bilavasitə yaxınlığında yerləşir.
V.Ələsgərov qeyd edib ki, yüksək texnologiyalı sənaye sahələrinin inkişafı üçün nəqliyyat infrastrukturuna birbaşa çıxış xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, yerli yükdaşıma şirkəti “Silk Way Airlines” ilə ƏAİZ ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub.
“Bu layihənin həyata keçirilməsi üçün Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayırıb. Hava limanının tikintisi 2027-ci ilin ortalarından gec olmayaraq başa çatdırılacaq və hava limanı gələn il beynəlxalq yükdaşımalar üçün açıq olacaq”, - deyə o bildirib.
İdarə Heyətinin sədri əlavə edib ki, ilkin mərhələdə hava limanının illik yükdaşıma qabiliyyəti 500 min ton təşkil edəcək. Gələcəkdə isə bu göstəricinin mərhələli şəkildə 2 milyon tona yaxın artırılması nəzərdə tutulur.
V.Ələsgərov ƏAİZ-in digər üstünlüklərindən birinin investorlar üçün daxili və xarici infrastrukturla təmin edilmiş sənaye ərazilərinin yaradılması olduğunu da diqqətə çatdırıb.
