Aİ və İndoneziya ticarət və investisiya sazişləri imzalayıb

Dünya xəbərləri Xəbər 22 Noyabr 2026 01:26 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) və İndoneziya on il davam edən danışıqlardan sonra şənbə günü ticarət və investisiya sazişləri imzalayıb. Sazişlər çərçivəsində Aİ mallarına tətbiq olunan gömrük rüsumlarının 98,5 faizinin aradan qaldırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı press-relizdə bildirilib.

Məlumata görə, sazişlər hər iki tərəfin biznes subyektləri üçün yeni imkanlar yaradacaq və əhəmiyyətli iqtisadi dividendlər gətirəcək. Proqnozlara əsasən, Aİ-nin İndoneziyaya ixracı 15 il ərzində təxminən 40 faiz artacaq. Bununla yanaşı, Avropa ixracatçıları gömrük rüsumlarından ildə 600 milyon avrodan çox vəsaitə qənaət edəcəklər.

Sazişlərin xüsusilə maşınqayırma və avtomobil sənayesi sektorları üçün faydalı olacağı gözlənilir.

Avropa Komissiyasının məlumatına əsasən, sənədlər elektromobillər, elektronika və əczaçılıq da daxil olmaqla bir sıra sahələrdə İndoneziyaya yeni investisiya imkanları açacaq.

Sazişlərin qüvvəyə minməsi üçün Avropa Parlamenti onları təsdiqləməli, İndoneziya isə daxili ratifikasiya prosedurlarını tamamlamalıdır. Təsdiqləndiyi təqdirdə, sənədlərin gələn ilin əvvəlindən tətbiqinə başlanıla bilər.

Qeyd edək ki, 2025-ci ildə Aİ ilə İndoneziya arasında ticarət dövriyyəsi 28,9 milyard avro təşkil edib. Bunun 10,2 milyard avrosu Aİ-nin ixracının, 18,7 milyard avrosu isə idxalının payına düşüb.

Xəbər lenti

Xəbər lenti