Bakı. Trend:
ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi sahədə əməkdaşlığın məhdudlaşdırılması barədə müvafiq göstəriş verib.
“The Washington Post” qəzeti bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqon rəhbəri bu tapşırığı ötən həftə verib. Qəzetin həmsöhbətləri hesab edirlər ki, Kanada hökuməti Vaşinqtonun bu addımını ciddi diplomatik mesaj kimi qəbul edə bilər.
Lakin məhdudiyyətlərin konkret hansı sahələri və hansı miqyasda əhatə edəcəyi hələlik açıqlanmayıb. Mənbələrin məlumatına əsasən, qərar kəşfiyyat məlumatlarının paylaşılmasına, eləcə də iki ölkənin hərbi qüvvələrinin NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində qarşılıqlı fəaliyyətinə şamil edilməyəcək.
ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məsələ ilə bağlı bildirib ki, Vaşinqton hər iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən ikitərəfli əməkdaşlıq imkanlarına üstünlük vermək niyyətindədir.
Onun sözlərinə görə, ABŞ hər iki dövlətin ərazilərinin və ümumi yarımkürənin müdafiəsini gücləndirən, həmçinin Kanadanın NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsinə dəstək olan əməkdaşlıq istiqamətlərinə diqqət yetirəcək.