Bakı.Trend:
Azərbaycan və Vyetnam iqtisadi möcüzəyə imza atıblar.
Bu barədə Trend-in xüsusi müxbiri Ləman Zeynalova məlumat verib. O, reportajını Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfər çərçivəsində ziyarət etdiyi İnqilab Şəhidlərinin Xatirə Memorialının qarşısında hazırlayıb.
urnalistin sözlərinə görə, hər iki ölkə ağır sınaqlardan keçib, iqtisadi böhranların öhdəsindən gəlməyi və mühüm uğurlar qazanmağı bacarıb.
Zeynalovanın qeyd etdiyi kimi, bu gün Vyetnam dünyanın ən açıq və sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malikdir. Lakin hələ 1980-ci illərin ortalarında ölkə dərin iqtisadi böhran yaşayırdı və dünyanın ən yoxsul dövlətlərindən biri hesab olunurdu.
1986-cı ildə Vyetnamda inflyasiya 700 faizə çatırdı, ölkə iqtisadiyyatı isə böyük ölçüdə Sovet İttifaqının gündə təxminən 4 milyon dollar həcmində yardımından asılı idi.
1986-cı ildə başlanmış "Doi Moi" iqtisadi islahatları dönüş nöqtəsi oldu. Bu islahatlar sayəsində Vyetnam iqtisadiyyatını bərpa etməyə, davamlı iqtisadi artıma nail olmağa və inflyasiyanı birrəqəmli göstəricilərə endirməyə müvəffəq oldu.
1990–2015-ci illərdə adambaşına düşən real ÜDM üç dəfə artıb. Bu gün ölkə əhalisinin təxminən 95 faizi tibbi sığorta ilə əhatə olunub.
Azərbaycan da iqtisadi böhranın öhdəsindən gələrək mühüm uğurlar əldə edib. Bu istiqamətdə ən mühüm addımlardan biri ölkənin enerji resurslarının beynəlxalq bazarlara açılması olub.
1994-cü ildə imzalanmış tarixi «Əsrin müqaviləsi» sayəsində Azərbaycan iqtisadiyyatına böyük həcmdə xarici investisiyalar daxil olmağa başlayıb. Əldə olunan vəsait iqtisadiyyatın müxtəlif sahələrinin bərpasına və inkişafına yönəldilib.
Bu gün Azərbaycan etibarlı neft və qaz təchizatçısı olmaqla yanaşı, Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağıdır. Ölkə beynəlxalq yükdaşıma şirkətlərinə iki qitəni birləşdirən qısa və təhlükəsiz nəqliyyat marşrutları təklif edir.
Bununla yanaşı, Azərbaycan coğrafi baxımdan uzaqda yerləşən dövlətlərlə, o cümlədən təxminən 5650 kilometr məsafədə yerləşən Vyetnamla iqtisadi əlaqələrini genişləndirməyə çalışır.
Müxbirin vurğuladığı kimi, Azərbaycan və Vyetnam arasında əməkdaşlıq göstərir ki, coğrafi uzaqlıq ölkələrin iqtisadi əlaqələri inkişaf etdirməsinə və yeni əməkdaşlıq imkanları tapmasına mane olmur.
