Bakı.Trend:
Etibarlı texnologiya təchizatçılarının siyahılarının yaradılması, kibertəhlükəsizlik sertifikatlarının qarşılıqlı tanınması, məhsulların birgə hazırlanması və iştirakçıların öz texnologiyalarından istifadə etməklə təlimlərin keçirilməsi beynəlxalq kiberalyanslar çərçivəsində əməkdaşlığı gücləndirə bilər.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Türkiyə İnformasiya Təhlükəsizliyi Assosiasiyasının baş katibi Oğuz Yılmaz II Beynəlxalq Kiberdiplomatiya Konfransı çərçivəsində keçirilən “Kiberalyanslar və strateji muxtariyyət: müstəqillik və tərəfdaşlıq arasındakı balans” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kiberalyanslar təkcə siyasi və operativ qarşılıqlı fəaliyyəti deyil, həm də hazırda kifayət qədər inkişaf etməmiş texnoloji əməkdaşlığı inkişaf etdirməlidir.
Yılmaz qeyd edib ki, ölkələr artıq təhdidlər barədə məlumat mübadiləsi aparır və birgə təlimlər keçirirlər. Lakin onlar çox vaxt xarici təchizatçıların texnoloji həllərindən istifadə edirlər ki, bu həllər də hər zaman bir-biri ilə uyğun gəlmir.
“Əməkdaşlıq onun əsaslandığı texnologiyalardan daha suveren ola bilməz”, - deyə o vurğulayıb.
Bununla əlaqədar ekspert kiberalyansların texnoloji komponentini gücləndirmək üçün dörd praktiki addım təklif edib.
İlk addım hər bir alyans çərçivəsində etibarlı təchizatçıların siyahısının yaradılmasıdır. Bu, iştirakçılara tərəfdaş ölkələr arasından istehsalçı və proqram təminatı hazırlayan şirkətləri müəyyənləşdirməyə, onların məhsullarına üstünlük verməyə imkan verəcək.
İkinci təklif kibertəhlükəsizlik sertifikatlarının qarşılıqlı tanınmasını nəzərdə tutur. Yılmazın izahına görə, Bakıda sınaqdan keçirilərək sertifikatlaşdırılmış məhsul Ankarada və ya Maskatda bütün prosedurlardan yenidən keçməməlidir.
Üçüncü təşəbbüs əqli fəaliyyət nəticələrinə dair hüquqların bölüşdürülməsi şərtilə texnoloji məhsulların birgə hazırlanmasını nəzərdə tutur. Ekspertin fikrincə, bu yanaşma alyans iştirakçıları arasında etimadı gücləndirməyə imkan verəcək.
Dördüncü addım iştirakçıların öz texnologiyalarından istifadə etməklə, o cümlədən real şəraitə uyğun transsərhəd kiberinsidentlərin modelləşdirilməsi yolu ilə birgə təlimlərin keçirilməsidir.
Yılmaz vurğulayıb ki, bu təşəbbüslərin həyata keçirilməsi üçün yeni beynəlxalq sazişlərin imzalanmasına ehtiyac yoxdur. Əməkdaşlığa iki-üç tərəfdaş arasında başlamaq və tədricən onun miqyasını genişləndirmək mümkündür.
O, həmçinin kiberhücumlar barədə məlumatların operativ mübadiləsinin vacibliyinə diqqət çəkib. Xüsusilə, alyans iştirakçılarından biri hücum aşkar etdikdə, müvafiq texniki indikatorlar dərhal digər tərəfdaşlara ötürülməlidir ki, onlar öz infrastrukturlarının mühafizəsini qabaqcadan gücləndirə bilsinlər.
“Əgər təhdid kollektiv xarakter daşıyırsa, müdafiə də kollektiv olmalıdır”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, strateji muxtariyyət təcrid olunmaq və ya tərəfdaşlıqdan imtina etmək demək deyil. Əksinə, hər bir ölkənin ayrı-ayrı texnoloji həlləri müstəqil şəkildə hazırlamaq və ümumi işə öz töhfəsini vermək qabiliyyəti bütün alyansı daha dayanıqlı edir.
