Bakı. Trend:
Azərbaycanda kartof toxumçuluğu sisteminin formalaşdırılması, aqrar sektorda intensiv istehsal üsullarına keçidin sürətləndirilməsi və bu istiqamətdə vahid Dövlət Proqramının hazırlanması zəruridir.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əlibala Məhərrəmzadə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanda strateji qida məhsulu hesab edilən kartofun toxum təminatı ilə bağlı ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, ölkədə kartof toxumçuluğu demək olar ki, yox səviyyəsindədir və sənaye, elmi əsaslarla sertifikatlaşdırılmış elit toxumçuluq sistemi hələ formalaşmayıb.
“Ölkənin illik kartof toxumuna olan ümumi tələbatı təxminən 200 min ton civarındadır. Fermerlərin 80 faizdən çoxu öz məhsulundan ayırdığı, keyfiyyətini itirmiş, reproduksiyası aşağı düşmüş adi kartofu toxum kimi əkir. Bu isə həm məhsuldarlıqda, həm də bundan birbaşa asılı olaraq rentabellikdə ciddi itki deməkdir", - Ə.Məhərrəmzadə qeyd edib.
O bildirib ki, ölkədə, xüsusilə heyvandarlıqda intensiv üsulların tətbiqi nisbətən ləng gedir. Seleksiya yolu ilə yaradılmış məhsuldar toxumların və cinslərin sayı daha da artırılmalıdır.
Deputatın sözlərinə görə, ümumilikdə aqrar sektorda intensiv üsullara keçid daha çox ərazi və resurslara qənaət edilməsinə imkan verir. Bu məsələ isə Azərbaycan üçün xüsusi aktuallıq daşıyır.
O vurğulayıb ki, yüksək texnologiyaların tətbiqi aqrar istehsalda səmərəliliyi artırır. Belə ki, aqrodronlar, peyk izləmə sistemləri və avtomatlaşdırılmış texnikalar vasitəsilə sahələrdə xəstəlikləri vaxtında aşkar etmək mümkündür. Bu yanaşma həm də məhsulun maya dəyərinə ciddi təsir göstərən əl əməyini minimuma endirir.
Ə.Məhərrəmzadə əlavə edib ki, intensiv üsulla düzgün aqrotexniki qulluq torpağın münbitliyinin qorunmasına da xidmət edir. Ekstensiv üsullardan fərqli olaraq, intensiv istehsal zamanı təbiətə və ətraf mühitə daha az zərər dəyir.
Deputat aqrar sektorda tətbiq olunan iqtisadi mexanizmlərə də toxunaraq bildirib ki, bir tərəfdən subsidiyalar verilir, digər tərəfdən isə kənd təsərrüfatının bəzi sahələrində vergi güzəştlərinin 100 faizdən 90 faizə endirilməsi məsələsi gündəmdədir.
“Əgər biz aqrar sektorun inkişafını, onun dotasiyadan azad olaraq ciddi sənayeyə çevrilməsini hədəfləyiriksə, ilk növbədə qabaqcıl beynəlxalq təcrübəni araşdırıb tətbiq etməklə mövcud boşluqları aradan qaldırmalıyıq. Ən əsası isə intensiv üsula keçid sürətləndirilməlidir”, - deputat bildirib.
