Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes fəaliyyəti ilə məşğul olmaq üçün 2026-cı il oktyabrın 1-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 4 593 müraciət daxil olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 8 Noyabr – Zəfər Günü münasibətilə hazırladığı “Invest in Garabagh and Eastern Zangezur” (Qarabağ və Şərqi Zəngəzura investisiya) icmalının üçüncü xüsusi buraxılışında bildirilib.
İcmalda qeyd olunub ki, daxil olan müraciətlərin 4 086-sı yerli sahibkarların, 507-si isə 39 ölkədən olan xarici sahibkarların payına düşüb.
Müraciətlərin ümumi sayının 3 467-si investisiya layihələri ilə bağlı olub. Bu layihələrin 98 faizi yerli, 2 faizi isə xarici sahibkarlar tərəfindən təqdim edilib.
İnvestisiya layihələrinin iqtisadi fəaliyyət sahələri üzrə bölgüsünə gəlincə, müraciətlərin ən böyük hissəsi ticarət və xidmət sektorunu əhatə edib. Belə ki, layihələrin 63 faizi bu sahənin payına düşüb.
Kənd təsərrüfatı sahəsi investisiya layihələrinin 15 faizini, sənaye 13 faizini təşkil edib. Tikinti, turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrinin ümumi payı isə 9 faiz olub.
Xatırladaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsi üçün 2030-cu ilədək ümumilikdə 22,82 milyard ABŞ dolları həcmində dövlət investisiyalarının həyata keçirilməsi nəzərdə tutulur.
Müvafiq Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı üçün nəzərdə tutulan dövlət investisiyalarının ilkin ümumi dəyəri 22,82 milyard dollar qiymətləndirilir.
Bu vəsaitin illər üzrə bölgüsünə əsasən, 2020-2025-ci illərdə dövlət büdcəsindən 12,94 milyard dollar ayrılıb. 2026-cı il üçün dövlət büdcəsində 2,06 milyard dollar vəsait nəzərdə tutulub. 2027-2030-cu illərdə isə əlavə olaraq 7,82 milyard dolların yönəldilməsi proqnozlaşdırılır.
Beləliklə, 2020-2025-ci illərdə ayrılmış, 2026-cı il üçün nəzərdə tutulmuş və 2027-2030-cu illər üzrə proqnozlaşdırılan vəsaitlərin ümumi həcmi 22,82 milyard dollara çatır.
