Elektron dövlət satınalmalarında 9 ayda 510 milyon manat qənaət edilib

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 12:25 (UTC +04:00)
Elektron dövlət satınalmalarında 9 ayda 510 milyon manat qənaət edilib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2026-cı ilin ilk doqquz ayında təsdiqlənmiş elektron dövlət satınalmaları üzrə 509,9 milyon manat vəsaitə qənaət edilib. Ümumi qənaət göstəricisi 13,7 faiz təşkil edib.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qənaət göstəricisi müsabiqələr üzrə təsdiq edilmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbəti əsasında hesablanır.

Qeyd olunub ki, əldə edilən nəticə dövlət satınalmalarının səmərəli təşkili, təchizatçılar arasında rəqabət imkanlarının genişləndirilməsi və daha əlverişli təkliflərin seçilməsi baxımından əhəmiyyətlidir.

Xatırladaq ki, 2026-cı ilin ilk səkkiz ayında elektron dövlət satınalmaları üzrə 453,7 milyon manat qənaət əldə olunub. Həmin dövrdə ümumi qənaət göstəricisi 14,4 faiz təşkil edib.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbərinin müavini Orxan Məmmədov ötən ay Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransında bildirib ki, elektron satınalmaların həcminin artması dövlət satınalmalarında rəqəmsallaşmanın genişləndiyini, proseslərin əlçatanlığının yüksəldiyini və rəqabət mühitinin inkişaf etdiyini göstərir.

O bildirib ki, 2026-cı ilin yanvar-iyul aylarında keçirilən elektron satınalmalar ötən ilin eyni dövrü ilə müqayisədə say baxımından 0,3 faiz, məbləğ baxımından isə 12,5 faiz artıb. Açılışı baş tutmuş müsabiqələrdə orta iştirakçı sayı 3,5 olub.

O.Məmmədov qeyd edib ki, dövlət satınalmalarında əsas məqsədlərdən biri bütün iştirakçılar üçün bərabər imkanların yaradılması, rəqabətin təşviqi və büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır. Bu istiqamətdə elektron satınalmaların vahid internet portalı olan “E-tender” platforması mütəmadi təkmilləşdirilir.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində elektron satınalma portalı ilə elektron müqavilə altsistemi arasında inteqrasiya həyata keçirilib. Bu, satınalma prosesinin müxtəlif mərhələlərində məlumat mübadiləsinin avtomatlaşdırılmasına imkan verir.

Agentlik rəsmisi bildirib ki, portalda şərtlər toplusu tam elektronlaşdırılıb və təchizatçılar təkliflərini elektron formatda təqdim edə bilirlər. Məlumatların maşın tərəfindən oxuna bilən formatda olması satınalma başa çatdıqdan sonra onların elektron müqavilə altsisteminə ötürülməsini təmin edir.

O.Məmmədov portalda süni intellekt texnologiyasının tətbiqinə də başlanıldığını diqqətə çatdırıb.

“Hazırda süni intellekt satınalan təşkilatlara şərtlər toplusunun hazırlanması zamanı tövsiyələr verir və mümkün məhdudlaşdırıcı şərtləri müəyyənləşdirməyə kömək edir. Sistem mümkün nöqsanlarla bağlı xəbərdarlıq və təhlil hesabatı təqdim edir. Bununla da həmin nöqsanları nəzarət orqanının və ya komissiyanın qiymətləndirməsindən əvvəl aradan qaldırmaq imkanı yaranır. Qərarların qəbulu isə müvafiq nəzarət orqanları tərəfindən həyata keçirilir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu yanaşma mümkün problemlərin əvvəlcədən aşkarlanmasına və şikayətlərin sayının azaldılmasına kömək edə bilər.

Agentlik rəsmisi əlavə edib ki, elektron satınalma portalı üzərindən şikayətlərin nəzarət orqanına avtomatik ötürülməsi də təmin olunub. Bu mexanizm təchizatçılara müraciətlərinin vəziyyətini izləməyə və şikayətlərini müvafiq satınalma prosesi ilə əlaqələndirməyə imkan verir.

“Satınalma ilə bağlı şikayət qiymətləndirmə zamanı nəzərə alınır və qəbul edilən qərara təsir göstərə bilər. Şikayətlər əsasında əvvəllər verilmiş qərarların ləğv edildiyi hallar da olub. Buna görə sahibkarları qarşılaşdıqları problemləri bizimlə bölüşməyə çağırırıq”, - deyə O.Məmmədov vurğulayıb.

O, həmçinin portalda elektron imza imkanlarının genişləndirildiyini bildirib. Artıq “Asan İmza” və “SİMA Token”lə yanaşı, “SİMA İmza” vasitəsilə də sənədlərin imzalanması mümkündür. Bu yenilik sahibkarların platformadan istifadəsini asanlaşdırır və seçim imkanlarını artırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti