Bakı.Trend:
Böyük Britaniya Azərbaycana ən böyük xarici investor olaraq qalır. Bununla yanaşı, Britaniya şirkətləri ölkədə neft-qaz sektorundan kənar sahələrdə, o cümlədən təmiz enerji, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə layihələrdə iştiraklarını genişləndirirlər.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Britaniyanın Azərbaycana investisiyaları tarixən əsasən energetika sektoruna yönəlib, lakin zaman keçdikcə əməkdaşlıq daha çox sahəni əhatə etməyə başlayıb.
“Böyük Britaniya Azərbaycana ən böyük xarici investor ölkədir və xatırladığım qədər, uzun illərdir bu mövqeyini qoruyub saxlayır. Gələcəkdə də belə olacaq. Hər şey energetika sektorundan başladı, lakin zaman keçdikcə fəaliyyət sahələrimizi şaxələndirdik və gələcəkdə də bunu davam etdirəcəyik”, – deyə səfir qeyd edib.
O vurğulayıb ki, neft və qazla yanaşı, Britaniya şirkətləri təmiz enerji, enerji sistemləriarası bağlantılar, məlumat mərkəzləri və digər yüksək texnologiyalı sahələrə də maraq göstərirlər.
“Şaxələndirmə vacibdir. Yüksək texnologiyalar sahəsində də geniş investisiya imkanlarını nəzərdən keçiririk. Ümid edirəm ki, yaxın həftələrdə bununla bağlı bəzi açıqlamalar verə biləcəyik”, – deyə Norman bildirib.
Diplomatın sözlərinə görə, Britaniya şirkətləri infrastruktur layihələrində də iştirak edir və Azərbaycanda istehlak malları bazarında təmsil olunurlar.
Norman hazırda Azərbaycanda 200-300 arası Britaniya şirkətinin fəaliyyət göstərdiyini bildirib.
“Azərbaycana ən böyük xarici investor olmaqdan qürur duyuruq. Bəli, bu investisiyaların əsasını energetika təşkil edib, lakin zaman keçdikcə onlar getdikcə daha çox şaxələnir. Bununla belə, energetika, o cümlədən hazırda yaşıl enerji də mühüm yer tutmaqda davam edəcək”, – deyə səfir əlavə edib.
