Bakı.Trend:
Cənubi Qafqazda sülh prosesinin başa çatması Orta Dəhlizin iqtisadi potensialının reallaşdırılması, eləcə də regional sabitliyin möhkəmləndirilməsindən irəli gələn digər üstünlüklərin əldə olunması üçün mühüm şərt olacaq.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya regionun iqtisadi inkişafına dəstək göstərməkdə maraqlıdır, lakin Orta Dəhliz üzrə səmərəli marşrutun yaradılması xeyli vaxt tələb edəcək.
“Bu o demək deyil ki, bütün bu məsələləri həll etmək asandır və ya onların sürətli həlli yolları mövcuddur. Orta Dəhliz üzrə səmərəli marşrutun yaradılması çox vaxt aparacaq, lakin bu proses artıq başlayıb. Sülh prosesi bunun mühüm tərkib hissəsidir. Söhbət zəruri təməlin yaradılmasından gedir”, – deyə səfir qeyd edib.
O vurğulayıb ki, Böyük Britaniyanın regionda daha geniş maraqları var, lakin hazırda diqqəti qarşıdakı aylarda atılması mümkün olan konkret addımlara yönəltmək vacibdir.
