Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus 1 ədəd MQM-170 Pilotsuz Uçuş Aparatını ələ keçirib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Bazar ertəsi ABŞ ordusuna məxsus 1 ədəd MQM-170 PUA-sı uğurlu elektronika döyüşü çərçivəsində Qeşm adasının cənub hissəsində sağ şəkildə yerə endirilib”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, bu növ PUA elektronika döyüşü çərçivəsində SEPAH-ın Hörmüz boğazı ərazisində ələ keçirdiyi sağ şəkildə ələ keçirdiyi 8-ci PUA-dır.
SEPAH qeyd edir ki, ABŞ ordusu müxtəlif müasir təchizatını, o cümlədən bir neçə milyon dollarlıq MQ-9, MQ-1, MQM-170, Lukas və sairə PUA-ları döyüş meydanına göndərsə də, İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri tərəfindən ya ələ keçirilir, ya da məhv edilir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
