Bakı. Trend:
Azərbaycan mühüm qlobal və regional proseslərin mərkəzində qalmaqda davam edir.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, cari il Azərbaycan dünyanın aparıcı dövlətləri ilə münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atıb.
“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq haqqında Xartiya, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik haqqında birgə bəyanat, həmçinin Birləşmiş Krallıq ilə strateji tərəfdaşlıq haqqında birgə bəyanat münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib, uzunmüddətli əməkdaşlıq üçün əlavə imkanlar açıb”, – o qeyd edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu ilin may ayında Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına, oktyabr ayında isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünə ev sahibliyi edib.
“Bu tədbirlərdə Azərbaycan şəhərlərin bərpası ilə bağlı öz təcrübəsini təqdim edib, eləcə də regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə töhfə verib”, – Sahibə Qafarova bildirib.
O, oktyabr ayında Bakıda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da Azərbaycanın beynəlxalq rolunu bir daha təsdiqlədiyini vurğulayıb.
Qeyd edib ki, forum qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ümumi çağırışlara cavab tapılması məqsədilə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirib.
S.Qafarova noyabrın 8-də Vətən müharibəsində tarixi Zəfərin 6-cı ildönümünün qeyd olunduğunu da xatırladıb.
“Həmin gün Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib. Bu görüş Azərbaycanla Türkiyənin müttəfiqliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirib”, – o deyib.
Xəbər yenilənəcək
