Bakı. Trend:
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İqlim dayanıqlılığının təmin edilməsi üçün ədalətli və inklüziv texnologiyaların inkişafı” mövzusunda panel müzakirələri keçirilib.
Azərbaycan pavilyonunda təşkil olunan tədbirin moderatoru ICESCO-nun İnnovasiya və yaradıcılıq, elm və ətraf mühit sektorunun rəhbəri İsaam Krimi olub.
Müzakirələrdə ICESCO-nun Elm və Ətraf Mühit sektorunun rəhbəri Kuanyş Yegaliyev, COP31 Məşvərət Şurasının üzvü, COP22-nin yüksək səviyyəli iqlim çempionu, Mərakeş Krallığının sabiq ətraf mühit naziri Hakima El Haite, Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə koordinatoru Romina Khurshid Alam, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev, IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Aralıq dənizi İttifaqının iqlim siyasəti üzrə eksperti Hatim Azenaque və ICESCO-nun eksperti Vissam Chehade çıxış ediblər.
Panel zamanı iqlim dəyişmələrinin yaratdığı çağırışların həllində innovativ texnologiyaların tətbiqi, su ehtiyatlarının səmərəli idarə olunması və təbii fəlakətlərə qarşı dayanıqlılığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İqlim texnologiyalarına bərabər çıxış imkanlarının təmin edilməsinin, xüsusilə inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.