Azərbaycan qazının Suriyaya ixracı 1,2 milyard kubmetrə çatıb

Energetika Xəbər 14 Noyabr 2026 12:45 (UTC +04:00)
Azərbaycan qazının Suriyaya ixracı 1,2 milyard kubmetrə çatıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyə üzərindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr Azərbaycan təbii qazı ixrac edilib. Bu, Türkiyənin qeyd olunan dövrdə ümumi qaz ixracının 66,93 faizini təşkil edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) 2026-cı ilin sentyabr ayı üzrə təbii qaz bazarına dair sektor hesabatında bildirilib.

Hesabata əsasən, təkcə sentyabr ayında Türkiyədən Suriyaya 157 milyon kubmetr təbii qaz göndərilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 55,92 faiz çoxdur. Belə ki, 2025-ci ilin sentyabrında Suriyaya 100,69 milyon kubmetr qaz ixrac edilmişdi.

2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyənin ümumi təbii qaz ixracı 1 milyard 788,51 milyon kubmetr təşkil edib. Suriyadan sonra ən böyük ixrac istiqaməti Bolqarıstan olub. Bu ölkəyə 535,94 milyon kubmetr qaz göndərilib. Macarıstana ixrac 54,73 milyon kubmetr, Şimali Makedoniyaya mayeləşdirilmiş təbii qaz (LNG) formasında tədarük isə 0,75 milyon kubmetr təşkil edib.

Sentyabr ayında Bolqarıstana 71,38 milyon kubmetr, Macarıstana isə 31,18 milyon kubmetr təbii qaz ixrac olunub.

Azərbaycan qazının Suriyaya tədarükü 2025-ci ildə başlayıb

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması iki ölkə arasında enerji əməkdaşlığının mühüm istiqamətlərindən biridir.

2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Razılaşmaya uyğun olaraq, təbii qazın nəqli üçün texniki hazırlıq işləri tamamlanıb və 2025-ci il avqustun 2-dən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.

Layihənin ilkin mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılıb. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Suriyanın Hələb və Homs şəhərlərində yerləşən elektrik stansiyalarına nəql olunur və elektrik enerjisi istehsalında istifadə edilir. Layihə çərçivəsində 1 200-1 300 meqavat həcmində elektrik enerjisi istehsalı gücünün təmin edilməsi nəzərdə tutulur.

Türkiyə–Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov layihəni dörd ölkənin siyasi iradəsinin nəticəsi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycandan Türkiyə üzərindən Suriyaya təbii qaz ixracı birgə fəaliyyətin və əməkdaşlığın konkret nümunəsidir.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar yaradılmış infrastrukturun ilkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrədək təbii qaz ixrac etməyə imkan verəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan qazının Türkiyənin Kilis şəhəri üzərindən Suriyaya ötürülməsi nəticəsində təxminən 1 200 meqavat gücündə elektrik stansiyalarının fəaliyyəti təmin ediləcək və 5 milyon evin elektrik enerjisinə olan tələbatının ödənilməsinə töhfə veriləcək.

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir isə layihənin Azərbaycanla əməkdaşlığın başlanğıcı olduğunu vurğulayıb.

“Bu sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq. Azərbaycanla texniki əməkdaşlığın genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi barədə razılığa gəlmişik”, – deyə nazir bildirib.

Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti də Azərbaycanın layihədəki rolunu yüksək qiymətləndirib. Trend-ə eksklüziv müsahibəsində o, Suriyaya ilk qaz tədarükünün başlanmasını Azərbaycan, Türkiyə və Qətər arasında uğurlu əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

“Azərbaycanın bu prosesdəki rolunu yüksək qiymətləndiririk və bu tərəfdaşlığın gələcəkdə daha da genişlənməsini istəyirik”, – deyə fond rəhbəri bildirib.

Qeyd edək ki, Azərbaycan qazının ixrac coğrafiyasının genişləndirilməsi ölkənin enerji siyasətinin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə Azərbaycan dünyada ilk yerdədir.

EPDK-nın açıqladığı göstəricilər Türkiyənin qaz ixracında Suriyanın əhəmiyyətli mövqeyə malik olduğunu göstərir. Azərbaycan qazının bu ölkəyə Türkiyə üzərindən tədarükü isə Azərbaycan-Türkiyə-Suriya enerji əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi çıxış edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti