Bakı.Trend:
Dünya bazarında neft qiymətlərinin aşağı düşməsi, o cümlədən idxal xərclərinin azalması hesabına Özbəkistanda inflyasiyanın zəifləməsinə kömək edə bilər.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Özbəkistandakı daimi nümayəndəsi Koba Qvenetadze cümə günü “Qafqaz və Mərkəzi Asiya: qeyri-müəyyənliyin aradan qaldırılması” adlı regional iqtisadi icmalın təqdimatında bildirib.
Onun sözlərinə görə, neft qiymətlərindəki dəyişikliklərin iqtisadiyyata təsiri daxili qiymətlərin liberallaşdırılması səviyyəsindən və onların bazar mexanizmlərinə uyğun formalaşmasından asılıdır.
Qvenetadze qeyd edib ki, neftin ucuzlaşması təkcə benzinin və digər neft məhsullarının qiymətlərinə deyil, həm də istehsal xərclərinə təsir göstərərək inflyasiyanın zəifləməsi üçün zəmin yarada bilər.
“Hazırda müşahidə etdiyimiz kimi, neft qiymətləri aşağı düşərsə, bu, çox güman ki, inflyasiyaya təsir göstərəcək və onun azalması istiqamətində təzyiq yaradacaq. Bu, həmçinin idxal qiymətlərində də özünü göstərəcək”, - deyə o bildirib.
Bununla yanaşı, BVF nümayəndəsi vurğulayıb ki, neftin və digər xammal məhsullarının qiymət dinamikası inflyasiyaya təsir edən amillərdən yalnız biridir. Digər malların tədarükündə mümkün fasilələr və daxili tələbin dəyişməsi də əhəmiyyət daşıyır.
Pul-kredit siyasətindən danışan Qvenetadze Özbəkistan Mərkəzi Bankının ayıq-sayıqlığı qorumasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, inflyasiyanın hədəflənməsi rejimi şəraitində tənzimləyicinin əsas alətlərindən biri sərt pul-kredit siyasətidir və Mərkəzi Bank da bu siyasəti həyata keçirir.
Subsidiyalar məsələsinə toxunan o bildirib ki, ölkələr iqtisadiyyatı dəstəkləmək üçün bu alətdən istifadə edə bilərlər, lakin belə yardımlar ünvanlı xarakter daşımalıdır.
