Bakı. Trend:
Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu cümə günü Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndəsi Emin Zeynalov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda maarifləndirmə tədbirində deyib.
O bildirib ki, akkreditasiya attestatı olan qurumlar sırasında sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırmanı həyata keçirən qurumlar və inspeksiya orqanları yer alır.
“Akkreditasiya attestatlarının bu qurumlara verilməsi onların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunun və texniki səriştəliliyinin təsdiqi deməkdir. Bu isə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir”, – deyə E.Zeynalov qeyd edib.
Onun sözlərinə görə, akkreditasiya sistemi milli keyfiyyət infrastrukturunun vacib tərkib hissəsi olmaqla məhsul və xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsində mühüm rol oynayır.
E.Zeynalov vurğulayıb ki, Azərbaycan Akkreditasiya Mərkəzinin əsas məqsədi akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirməkdir.
O, Mərkəzin fəaliyyətinin ictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu xüsusi qiymətləndirdiyini, açıq dialoqun, məlumat mübadiləsinin və akkreditasiya sahəsində ictimai maarifləndirmənin genişləndirilməsini prioritet hesab etdiyini bildirib.
